“İlan Sultan” Bakıya gəlir FOTOLAR

Məlumat verdiyimiz kimi, N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Bakıya gəlir. SİA-nın verdiyi xəbərə görə, teatr kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində iranlı yazıçı Bəhram Beyzayinin eyni adlı əsəri əsasında hazırlanmış "İlan Sultan" tamaşasını nümayiş etdirəcək.

Səhnə əsəri iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetişmələrindən bəhs edir. Tamaşaya İrandan dəvət olunmuş rejissor Xeyrullah Təğiyanipur quruluş verib. Səhnə əsərinin baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir.

Tamaşada əsas rolları əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri ifa edirlər.

Qeyd edək ki, "İlan Sultan" tamaşası 2016-cı ilin yanvar ayında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib. Səhnə əsəri səfər çərçivəsində qonşu ölkənin Təbriz və Məşhəd şəhərlərində uğurla oynanılıb və festivalın mükafatını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə