Turizm Filmləri Festivalına qəbul başa çatıb

Turizm Filmləri Festivalına qəbul başa çatıb

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-4 iyun 2016-cı il tarixində Nizami Kino Mərkəzində III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, festivala film qəbulu aprelin 15-də başa çatıb. Festivalın seçim komissiyasına ABŞ, Türkiyə, Argentina, Avstraliya, Baham adaları, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Butan, Çili, Çin, CAR, Dominikan Respublikası, Hindistan, İraq, İsrail, Kanada, Kolumbiya, Konqo, Malaziya, Mavritaniya, Meksika, Mərakeş, Misir, Monqolustan, Nepal, Oman, Peru, Ruanda, Şri Lanka, Vietnam, Yaponiya və bir çox Avropa və MDB ölkələri daxil olmaqla, ümumilikdə 71 ölkədən 420 film təqdim olunub.

Seçim komissiyası göndərilən filmlər arasından 28 ölkədən 78 filmi müsabiqə proqramına qəbul edib. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaq və kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq:

I yer - Qızıl mükafat – diplom və mükafat;

II yer - Gümüş mükafat - diplom və mükafat;

III yer - Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.

Ən yaxşı filmə görə isə "QRAN PRİ" – diplom və mükafat təqdim ediləcək.

Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.

BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək.

Qeyd edək ki, BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalın təşkilati işlərini Salnamə Sənədli Filmlər Studiyası həyata keçirir. Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə