Teatr "Mənim günahım"a hazırlaşır

Azərbaycan Dövlət Musiqili Teatrında böyük dramaturq, xalq yazıçısı, dövlət mükafatı laureatı İlyas Əfəndiyevin "Mənim günahım" pyesi əsasında tamaşa hazırlanır. SİA-nın verdiyi xəbərə görə, layihənin ideya müəllifi və rəhbəri Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rejissor Əliqismət Lalayevin sözlərinə görə, böyük, unudulmaz sənətkarımız İlyas Əfəndiyevin həmişə diqqətimdə olan möhtəşəm lirik-psixoloji dramı, dünyaca məşhur bəstəkar Qara Qarayevin ölməz, bənzərsiz balet musiqisi əsasında hazırlanan bu tamaşa bir çox sürprizlərlə zəngindir: "İnanıram ki, janrına görə sevgi haqqında pritça kimi dəyərləndirdiyimiz "Mənim günahım" hamı tərəfindən bəyəniləcək. Tamaşanın quruluşçu-rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə xanım Gözəlovadır. Səhnə əsərinin quruluşçu-rəssamı da Gəncə Dövlət Dram Teatrının istedadlı rəssamı Elnur Axundovdur. Tamaşada baş qəhrəmanı-Nurcahan obrazını xalq artisti, "Şöhrət" ordenli Şükufə Yusupova canlandıracaq. Ayqız obrazını ifa edəcək gənc balerina Cəlalə Novruzlu isə tamaşaçılar üçün yeni sima olacaq".

Qeyd edək ki, tamaşanın quruluşçu-drijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-baletmeysteri Leyla Ağayeva, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor-assistenti Saray Kərimlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə