Portuqaliyalı rəssamların əsərləri nümayiş olunacaq

Müasir İncəsənət Muzeyi və Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin birgə səyi nəticəsində 3 portuqaliyalı rəssamın - Andre Almeida e Sousa, Paulo Brighenti və Tomas Cunha Ferreiranın "I wanna be adored" adlı sərgisi açılacaq. Muzeydən SİA-ya verilən xəbərə görə, aprelin 23-də keçiriləcək sərgi Portuqaliya dövlətinin Azərbaycandakı ilk müstəqil mədəni təşəbbüsüdür.

Sərginin ideya hədəfi daha çox gənc nəsildir. Çünki, gənclik hər bir ölkənin gələcəyi və ümidləri deməkdir. Tədbirə rəssamlar tərəfindən verilən ad məşhur ingilis rok qrupu "Stone Roses" tərəfindən 1989-cu ildə ifa edilmiş "I Wanna be Adored" mahnısının sözlərindən götürülüb.

Sərginin keçirilmə tarixi və iştirakçı rəssamlar Portuqaliyanın 1974-cü il 25 aprel tarixli "Qərənfil İnqilabı" ilə əlaqəlidir. Çünki, bu inqilab, sanki 50 illik təcriddən sonra Portuqaliyanın müasirliyə və dünyaya yenidən qayıtması deməkdir. Andre Almeida de Sousa, Paulo Brighenti və Tomas Cunha Ferreira üçün bu sərginin adı inqilabın canlı şahidi olmuş yaşlı nəsil ilə özlərinin yaşadığı müasir dövr arasında bir keçid anlamı yaradır.

Qeyd edək ki, sərgi mayın 8-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə