Görkəmli bəstəkarın xatirə gecəsi keçirilib

Görkəmli bəstəkarın xatirə gecəsi keçirilib

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.

Çıxış edən pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilova Qəmbər Hüseynlinin yaradıcılığından, Azərbaycan musiqi tarixindəki xidmətlərindən danışıb, kitabını muzeyə hədiyyə edib.

Sonra T.İsmayılov adına Uşaq Yaradıcılıq Sarayının direktoru Bədayyə Ramazanova, Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov, Qəmbər Hüseynlinin oğlu Nəsimi Hüseynli bəstəkarın həyat və yaradıcılığı haqqında söz açıb.

Tədbirdə muzey materialları əsasında hazırlanmış foto-sərgi, video-çarx və Qəmbər Hüseynli haqqında çəkilmiş "Qəlbin ay işığında" bioqrafik-sənədli filmindən fraqmentlər nümayiş edilib.

Tədbirdə T.İsmayılov adına Uşaq Yaradıcılıq Sarayının "Cücələrim" rəqs ansamblı, muzeyin Qədim Musiqi Alətləri Dövlət Ansamblı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov, Azərbaycan Respublikasının əməkdar artistləri Teyyub Aslanov, Nuriyyə Hüseynova, Bakı Musiqi Kollecinin 3-cü kurs tələbəsi Ağəmməd Tarıverdiyevin (tar) ifalarında Qəmbər Hüseynlinin mahnılarından ibarət konsert proqramı təqdim olunub.

Qeyd edək ki, tədbirin qonaqları musiqi ictimaiyyəti, bəstəkarın oğlu, Bəstəkarlar İttifaqının, BMA-nın nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olublar.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə