Ulyanovskda ölkəmizin turizm potensialının təqdimatı keçirilib FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti tərəfindən Rusiya Federasiyasının Ulyanovsk vilayətində Azərbaycanın turizm potensialının təqdimatı keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, təqdimat Rusiyanın Volqaboyu ərazilərində "Road Show" çərçivəsində təşkil olunub. Bu layihənin keçirilməsində əsas məqsəd rus turistlər üçün yeni səhayət istiqamətlərinin yaradılmasından ibarətdir.

Tədbirdə Rusiyada Azərbaycanın turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti Ulyanovskdan Bakıya çarter reysin daxil olduğu yeni turizm məhsulunu təqdim edib. Turizm məhsuluna həmçinin, yerləşmə, qidalanma, tibbi sığorta və transfer daxil olduğu bildirilib.

Təqdimatda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, "Tour A Vent" şirkətinin nümayəndələri, Ulyanovsk vilayətinin turizm şirkətləri, rəhbər şəxsləri, yerli otellərin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın bir sıra hotellərinin nümayəndələri tərəfindən təqdimatlar keçirilib.

Sonda Azərbaycan otelləri tərəfindən turizm şirkətləri üçün təşkil olunan viktorinada hədiyyələr qazanılıb.

Azərbaycan nümayəndə heyətinin Ulyanovsk rayonuna səfəri zamanı Azərbaycan diasporunun nümayəndələri ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və gül çələngi qoyulub.

Qeyd edək ki, "Road Show" çərçivəsində təşkil olunan ilk təqdimat Kazan şəhərində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə