Turizm təmsilçilərinin Bakıda görüşü keçirilib

Turizm təmsilçilərinin Bakıda görüşü keçirilib

Lüks turizm təmsilçilərinin "B2B Luxury & MICE Workshop" çərçivəsində görüşü keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Böyük Britaniyanın "TMI Consultancy" şirkətinin azərbaycanlı tərəfdaşlarla birgə təşkil etdiyi tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizdə artıq 5-ci dəfə reallaşır.

Görüşdə Azərbaycanın aparıcı turizm şirkətlərinin və müxtəlif ölkələrin hotel, turoperator və turizm təşkilatlarının təmsilçiləri iştirak edib.
"B2B Luxury & MICE Workshop" kimi tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanda turizm infrastrukturunun mövcud standartlara uyğunlaşdırılması və xarici turistlərin ölkəmizə axınının təmin edilməsi baxımından əhəmiyyət daşıyır.

Tədbirdə əvvəlcə Sloveniya və Sinqapurun turizm potensialının təqdimatı keçirilib. Bu ölkələrdə turizmin müxtəlif növləri, sağlamlıq turizmi mərkəzləri, termal turizm haqqında geniş məlumat verilib.

"TMI Consultancy" şirkətinin meneceri Mariya Qorbaçova bildirib ki, "B2B Luxury & MICE Workshop" artıq Bakıda 5-ci ildir ki, təşkil edilir və iştirakçılarının sayı ildən-ilə artır. Bu isə onu göstərir ki, Azərbaycanın turizm bazarına xarici ölkələrdə maraq getdikcə artmaqdadır. "B2B Luxury & MICE Workshop"un Azərbaycanda mütamadi təşkil olunması lüks turizmin inkişafına da müsbət təsir göstərəcək. Qeyd olunub ki, "B2B Luxury & MICE Workshop"un növbəti tədbiri Qazaxıstanın Almatı şəhərində baş tutub. Ümumilikdə, il ərzində dünyanın müxtəlif şəhərlərində belə tədbirlərin təşkil olunması nəzərdə tutulur.

Tədbir çərçivəsində yerli turizm şirkətləri ilə "B2B Luxury & MICE Workshop"da iştirak edən xarici ölkə hotelləri, sağlamlıq mərkəzləri, spa-kurortların təmsilçiləri və turizm şirkətlərinin nümayəndələri arasında işgüzar görüşlər təşkil edilib. Turist mübadilələrinin həyata keçirilməsi ilə bağlı cəlbedici təkliflər irəli sürülüb.

Qeyd edək ki, müxtəlif ölkələrdən olan 40-dan çox turizm şirkəti "B2B Luxury & MICE Workshop"da öz imkanlarını təqdim edir. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarına xarici lüks hotellərdə münasib qiymətlərə istirahət etməyə imkan yaradılmasıdır. Eyni zamanda, qarşılıqlı turist səfərlərinin artmasında bu tipli görüşlər mühüm rol oynayır. Yerli turoperatorlar xarici həmkarları ilə əlaqələr qurur, həm onların məhsulları ilə tanış olur, həm də Azərbaycanın lüks turizm imkanlarını təqdim edirlər.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə