“Ağ ölüm” yenidən səhnədə FOTOLAR

“Ağ ölüm” yenidən səhnədə FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tədbir keçirilib. GTT-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, teatrın, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və 129 saylı orta məktəbin birgə layihəsi əsasında baş tutan tədbirdə narkotik vasitələr, onun fəsadları haqqında çıxışlar olub. Giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan narkotik vasitələr haqqında danışıb. Teatr rəhbəri Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, Gənc Tamaşaçılar Teatrında V. Siqarevin "Şeytan ailəsi" adlı əsəri əsasında səhnələşdirilən "Ağ ölüm" tamaşası haqqında məlumat verib.

129 saylı məktəbin direktoru Esmira Quliyeva, Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı Fərman Abdullayev, Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov çıxış edərək, bu gün dünyanı narahat edən, cinayətkarlığın artmasına səbəb olan narkotik maddələr və onların gətirdiyi bəlalar haqqında danışaraq, tədbir iştirakçılarını bu bəladan uzaq durmağa çağırıblar.

Daha sonra "Ağ ölüm" tamaşası nümayiş etdirilib. Quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu olan tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev ifa ediblər.

Qeyd edək ki, tədbirdə 129 saylı məktəbin müəllim və şagird heyəti, Daxili İşlər Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə