Teatr müəssisələri Azərbaycan əsgərlərinə dəstək olub FOTOLAR

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xalqımızın haqlı mübarizəsinə, Azərbaycan əsgərinə dəstək nümayiş etdirmək məqsədilə tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Dövlət Kukla, "Yuğ" və Pantomima teatrlarının kollektivlərinin iştirak etdiyi tədbirdə aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olan hərbçi və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlik zirvəsinə ucalan həmvətənlərimizin daim qəlblərdə yaşayacağı qeyd olunub.

Tədbirdə çıxış edən Kukla Teatrının direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə xalqımızın sülhsevərliyindən, hər zaman əmin-amanlığın tərəfdarı olmasından söz açıb. Buna baxmayaraq, işğala məruz qalan torpaqlarımızın azad edilməsi üçün xalqımızın bu haqlı mübarizədə sonunadək vuruşmaq və qalib gəlmək iqtidarında olduğunu deyib. Bu mənada son günlər cəbhədə baş verən hadisələrin bizi qələbəyə daha da yaxınlaşdırdığını və xalqımızın, rəşadətli ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə itirilmiş torpaqlarımızı geri qaytara biləcəyini deyib: "Azərbaycan ordusu torpaqlarımızı geri qaytarmaq uğrunda düşmənlə döyüşür. Bu hadisədə bütün dünya, aparıcı dövlətlər Azərbaycanın tərəfindədir, ona haqq qazandırır. Artıq torpaqlarımızı əsarət altından qurtarmağın vaxtıdır. Hər birimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin əmrini gözləyirik, istənilən vaxt səfərbərliyə hazırıq. İnanıram ki, bu döyüş dayandırılmayacaq və Xankəndiyə qədər gedib torpaqlarımızı azad edəcəyik. Bu, hər bir Azərbaycan vətəndaşının böyük arzusudur".

Rəşad Əhmədzadə Kukla, YUĞ və Pantomima teatrlarının birlikdə tədbir təşkil edərək cəbhə bölgəsindəki əsgərlər qarşısında çıxış etmək niyyətində olduğunu da söyləyib.

"Yuğ" Teatrının direktoru Tərlan Rəsulov, Kukla Teatrının baş rejissoru Qurban Məsimov və digər çıxış edənlər bu anlarda maksimum dərəcədə diqqətli olmağın, dezinformasiyalara yol verilməməyin vacibliyindən söz açıblar. Həmçinin, istənilən mövqedə hər kəsin vətən üçün bir əsgər missiyasında olmasının önəmini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə