Lüsern Dünya Turizm Forumunun növbəti toplantısı keçirilib FOTOLAR

Lüsern Dünya Turizm Forumunun növbəti toplantısı keçirilib FOTOLAR

Bakıda "İnkişaf edən istiqamətlərdə uğurun faktorları" mövzusu üzrə Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) toplantısı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, toplantıda dünyada turizm sahəsi üzrə fəaliyyət göstərən bir sıra yüksək səviyyəli şəxslər iştirak edib. Toplantı zamanı növbəti on il ərzində turizm sahəsinə təsir edəcək qlobal tendensiyalar, turizm üçün insan resursları inkişafının mahiyyəti, yeni texnologiyaların biznes modellərinə və marketinqə təsiri və digər mövzularla bağlı müzakirələr aparılıb.

Mərasimdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev turizmin inkişafı üçün infrastruktur, nəqliyyat və maliyyənin əhəmiyyəti, turizm və qonaqpərvərlik iqtisadiyyatı balanslaşdıran faktor kimi, sosial və ətraf mühit amilləri mövzusunda geniş məruzə ilə çıxış edib.

Əbülfəs Qarayev əvvəlcə Azərbaycanda turizmin formalaşması haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə turizmin formalaşması tarixi Sovet dövrünə təsadüf edir: "O dövrdə SSRİ ərazisində Xəzər və Qara dənizləri sahillərində yaradılmış istirahət zonaları ilə məşhur idi. O zamanlar Azərbaycanda da bir sıra turizm müəssisələri yaradılmışdı. Sovet dövləti dağıldıqdan sonra bu sahədə müəyyən durğunluq yaşandı. Həmçinin, Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğal edildi, 1 milyondan artıq vətəndaşımız öz doğma torpaqlarından didərgin düşdü. Qaçqın düşmüş vətəndaşlarımızı turizm obyektlərində, sanatoriyalarda da məskunlaşdırdıq. Ermənistanın işğalçılıq siyasəti işğal altındakı torpaqlarımızda mövcud olan infrastrukturun itirilməsinə, tarixi mədəniyyət abidələrimizin məhv edilməsinə, bütövlükdə ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərdi".

Nazir daha sonra diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli inkişafa nail olunub. Qeyd edib ki, bu gün ölkəmizə səfər edən hər bir kəs burada mövcud olan tolerantlıq və yüksək qonaqpərvərliyin şahidi olurlar: "Son dövrlər ölkəmizdə turizm infrastruktrunun yaradılması istiqamətində böyük işlər görülüb. Yeni turizm, istirahət və əyləncə mərkəzləri, hotellər və ölkənin bütün regionlarını birləşdirən geniş yol infrastrukturu yaradılıb. Hal-hazırda ölkəmizdə ən müasir standartlara cavab verən 6 beynəlxalq hava limanı fəaliyyət göstərir. Orta hesabla biz hər il 20-25 yeni otelin açılışını edirik. Bu otellərin böyük əksəriyyəti 4, 5 ulduzludur. İndi isə 2, 3 ulduzlu otellərin tikilməsi üçün sahibkarlara öz dəstəyimizi veririk. Bu infrastrukturun yaradılmasında ətraf mühitin və ekologiyanın qorunmasına xüsusi diqqət yetiririk".

Əbülfəs Qarayev daha sonra turizm sahəsinin inkişaf etdirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıqdan danışıb. Vurğulayıb ki, beynəlxalq təcrübənin öyrənilib ölkəmizdə tətbiq edilməsi, həmçinin, beynəlxalq əməkdaşlığın gücləndirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Nazir həmçinin, qeyd edib ki, ölkəmiz 2013-cü ildə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilərək, bu təşkilatla sıx əlaqələr qurub: "Azərbaycan son illər bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edir. Belə tədbirlər də ölkəmizə turistlərin cəlb olunmasına öz müsbət təsirini göstərir. Həmçinin, ölkəmizdə turizm kadrlarının hazırlanması istiqamətində bir sıra ölkələrlə fəal əməkdaşlıq edirik. Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq yüksək səviyyədə davam edir".

Nazir ölkəyə turist axının gücləndirilməsi üçün vizaların verilməsi sahəsində də islahatların aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycana səfər etmək istəyən hər bir xarici vətəndaş elektron qaydada müraciət etməklə ən gec 5 gün müddətində elektron viza əldə edə bilər. Bir sıra ölkə vətəndaşlarının isə birbaşa hava limanında viza əldə etmələrinə icazə verildiyini diqqətə çatdırıb.

Turizmin inkişaf etdirilməsində müasir texnologiyalardan istifadə olunmasının əhəmiyyətini diqqətə çatdıran Əbülfəs Qarayev ölkəmizdə də bu sahədə önəmli addımların atıldığını qeyd edib. Bildirib ki, ölkəmizdə "Gomap.az" elektron xəritə xidməti fəaliyyət göstərir: "Bu elektron xidmət vasitəsi ilə hər bir turist ölkəmizdə möcud olan turizm müəssisələri, otellər, tarixi abidələrin ünvanları və bu ünvanlara necə getmək haqqında məlumat ala bilər. Həmçinin, taksi ilə gediləcək yola ödəniləcək məbləğ də göstərilir. Bizim yaratdığımız bu elektron xəritə xidmətə Türkiyə və Gürcüstan da qoşulub. Yaxın vaxtlarda İranın da qoşulması nəzərdə tutulub".

Daha sonra Əbülfəs Qarayev forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Katibi Taleb Rifai və tədbirin moderatoru, Lüsern Dünya Turizm Forumunun icraçı direktoru Martin Bart və digər forum iştirakçıları Azərbaycanı Şərqlə Qərb mədəniyyətinin qovuşduğu zəngin tarixə və mədəniyyətə malik olan bir ölkə kimi xarakterizə etdilər. Azərbaycanda mövcud olan multikulturalizm, tolerantlıq, yüksək qonaqpərvərlik və əsrarəngiz təbiət burada turizmin bütün sahələrinin inkişaf etdirilməsinə şərait yaradır.

Qeyd edək ki, forum daha sonra müxtəlif mözularda müzakirələrin aparılması ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə