“Qaçaq qocalar”ın yaradıcıları Türkiyədə iki mükafata layiq görüldü

“Qaçaq qocalar”ın yaradıcıları Türkiyədə iki mükafata layiq görüldü

Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcı heyəti Türkiyədən qastrol səfərdən qayıdıb. SİA-nın verdiyi xəbərə görə, qardaş ölkədə Elçin Hüseynbəylinin "Qaçaq qocalar" əsəri əsasında əməkdar artist Nofəl Vəliyevin quruluşunda hazırlanan tamaşası nümayiş olunub. Səhnə əsəri anşlaqla qarşılanıb. Bu sözləri yaradıcı heyətin rəhbəri, xalq artisti Hacı İsmayılov jurnalistlərə açıqlamasında bildirib.

H.İsmayılov qeyd edib ki, ittifaqın "Rejissor" laboratoriyasında xalq artisti Cənnət Səlimovanın rəhbərliyi ilə hazırlanan tamaşa Türkiyənin Bozüyük şəhərində keçirilən "Beynəlxalq Metristəpə Teatr günləri" və Antalya Böyükşəhər Teatrı tərəfindən təşkil olunmuş "Qonaq teatrlar" layihəsi çərçivəsində təqdim olunub.

Vurğulanıb ki, 10 gün davam edən qastrol səfəri çərçivəsində tamaşa müxtəlif şəhərlərdə 6 dəfə nümayiş olunmasına baxmayaraq, hər dəfə maraqla qarşılanıb. Nəticədə yaradıcı heyət Antalya Böyükşəhər Bələdiyyəsinin iki mükafatı ilə təltif edilib.

Qeyd edək ki, səhnə əsərində rolları əməkdar artist Nofəl Vəliyev, aktyorlar Kərəm Həsənzadə, Bəhruz Vaqifoğlu və Məsumə Babayev ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə