Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 40 illiyi münasibətilə sərgi və tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə dahi bəstəkarın xüsusi əşyaları və muzeyin 40 illik fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar, muzeyin nəşrlər nümayiş etdirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva Üzeyir Hacıbəylinin ev-muzeyinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci il noyabrın 20–də Bakıda, indiki ünvanında (Şamil Əzizbəyov 67), bəstəkarın 1915-1942-ci illərdə yaşadığı evdə təşkil edildiyini söyləyib: "Ulu öndər Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılışı olub. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan muzey 40 ildir ki, bəstəkarın zəngin irsini qoruyaraq, çoxşaxəli yaradıcılıq fəaliyyətini özündə əks etdirir".
Tədbirdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcov, Xalq artistləri- Canəli Əkbərov, Ramiz Quliyev, Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova və başqaları dahi bəstəkarın fəaliyyəti haqqında söz açıblar və muzeyin qorunması, təbliğatı üçün əməkdaşların göstərdiyi fədakarlığı alqışladıqlarını deyiblər.
Qeyd edək ki, mərasimin sonunda incəsənət ustalarının və musiqi məktəblərinin şagirdlərinin ifasında Ü.Hacibəylinin musiqi əsərlərindən parçalar səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB