Bizim kino günləri layihəsi yekunlaşıb

Bizim kino günləri layihəsi yekunlaşıb

Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə keçirdiyi "Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq" layihəsinin dördüncü mərhələsi keçirilib. Layihənin final mərhələsi rejissor Elçin Musaoğlunun "Nabat" filminin kinoteatrlarda nümayişi ilə başa çatıb. SİA-nın verdiyi xəbərə görə, yekun tədbir "Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası" mövzusuna həsr olunub. Kino ictimaiyyəti, media təmsilçiləri və filmin yaradıcı heyətinin iştirakı ilə keçirilən tədbirdə layihənin ənənəvi müzakirələrinin hədəfi "Azərbaycanfilm" kinostudiyasında çəkilən filmlərin beynəlxalq təqdimatı, Qarabağ həqiqətlərinin kino dili ilə, sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında kinonun imkanları kimi əhəmiyyətli mövzular olub.

"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov mərasimdə çıxış edərək fikirlərini bildirib: "Audiovizual məkanda peşəkarlıq məsələsinə həsr olunan layihənin məqsədi peşəkar kino nümayəndələrini və onların çəkdikləri filmləri ictimaiyyətə tanıtmaqdır. Bu məsələdə media nümayəndələrinin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan natiq bildirib ki, gərək media obyektiv təhlillərlə, qərəzsiz tənqidlərlə peşəkarları ictimaiyyətə tanıtsın və gündəmdə saxlasın. Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" təsdiqləndikdən sonra bu proqramdan çıxış edərək çoxlu layihələr həyata keçirilib, gənc kinematoqrafçılar cəlb edilib. Məhz görülən işlərin nəticəsidir ki, "Nabat" filmi ilə ilk dəfə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bildik. Rusiya kinematoqrafçıları ilə birgə istehsal edilən "Qırmızı bağ" filmi gələn ilin fevral ayında təqdim ediləcək. Həmçinin 2016-cı ildə beş yeni filmin çəkiləcək".

Sonra "Nabat" filmi nümayiş olunub. "Nabat" Qarabağ müharibəsindən bəhs edən, amma döyüş səhnələrinin, ölüm-itimin olmadığı ekran əsəridir. Müharibə filmin kadr arxasındadır. Müharibə haqqında danışılmasa da, tamaşaçı onu daxilən hər kadrda hiss edir. "Nabat" həm də sədaqətdən bəhs edir.

Nümayişdən sonra rejissor Elçin Musaoğlu bu mövzuda çoxdan film çəkmək istədiyini vurğulayaraq ekran əsərində əsas məqsədinin ana obrazını ön plana çəkmək olduğunu söyləyib. Filmdə Nabatın zahiri fəryadı əks olunmasa da, onun daxili fəryadı tamaşaçılara təsir edir.

Daha sonra filmin yaradıcı heyəti və media nümayəndələri arasında müzakirə aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində "Audiovizual məkanda ailə-məişət problemləri", "Audiovizual məkanda uşaq mövzusu", "Audiovizual məkanda vətənpərvərlik" mövzuları müzakirə olunub və "Axınla aşağı", "Dərs", "Yarımçıq xatirələr" filmlərinə baxış keçirilib. Həmçinin, bu filmlər şəhərimizin kinoteatrlarında mütəmadi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə