İtaliya Respublikasının Paestum şəhərində XVIII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XVIII "La Borsa Mediterranea del Turismo Archeologico" - www.borsaturismoarcheologico.it) öz işinə başlayıb. SİA-nın məlumatına görə hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliya Respublikasının əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi da iştirak edir. Özünün əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən sərgiyə YUNESKO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfdaşlıq edir.
Keçiriləcəyi günlər ərzində yuxarıda adları qeyd edilən beynəlxalq təşkilatların, 130-dan çox iştirakçının, 30-dək ölkənin stendlərini 10 mindən çox adamın ziyarət edəcəyi gözlənilir.
29 oktyabr 2015-ci il tarixində sərginin rəsmi açılışında Kapaççio Pestum şəhərinin meri İtalo Voza və Salerno vilayətinin prezidenti Cuzeppe Canfaro iştirak ediblər. Gün boyu davam edən sərgidə arxeologiya və turizm haqqında 25-dən çox konfrans və görüşlər keçirilib.
Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində ölkəmizə məxsus 24 kv.m sahə icarəyə götürülərək xüsusi dizayn edilmiş lövhə quraşdırılıb. Stend sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və italyan dillərində müxtəlif reklam-çap və arxeoloji turizmə həsr olunmuş təbliğat materialları ilə təmin olunub.
Ölkəmizə məxsus milli stendi YUNESKO-nun Baş direktorunun köməkçisi, Ərəb ölkələri Regional Mərkəzinin baş direktoru Munir Buşenaki ziyarət edərək, yarmarkada ölkəmizi təmsil edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə ölkəmizdə mövcud olan YUNESKO-nun Ümumdünya İrsinin Gözləmə Siyahısında yer alan abidələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd etmək istəyirik ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin nümayəndələri də iştirak edir.
Bildirmək istəyirik ki, ötən il keçirilmiş XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda Azərbaycan Respublikası "rəsmi qonaq ölkə" statusunda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB