Dahi bəstəkar anıldı FOTOLAR

18 sentyabr Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəylinin doğum günüdür. SİA-nın məlumatına görə, bu münasibətlə bu gün Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin və digər görkəmli musiqi xadimlərinin məzarlarını ziyarət etdilər, məzarları önünə tər çiçək təstələri qoyuldu, xatirələri hörmətlə yad olundu.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, bu gün təkcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: "Bu gün Azərbaycan Dövlət himninin bəstəkarı, musiqimizi dünyaya tanıdan, Şərqdə ilk operanı yaradan dahi Üzeyir Hacıbəylinin 130 yaşı tamam olur. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimizin 1995-ci ildə - dahi bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu il də dahi bəstəkarın doğum günü bütün musiqi müəssisələrində geniş şəkildə qeyd edilir. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən etibarən ölkəmizdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur".

Ədalət Vəliyev vurğuladı ki, ənənəyə sadiq olaraq sentyabrın 18-dən 28-dək yeddinci dəfə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Sonda Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə