Xalq artisti: "Azərbaycan kino aktyorlarının həyatı faciədir" AÇIQLAMA

Xalq artisti: "Azərbaycan kino aktyorlarının həyatı faciədir" AÇIQLAMA

Xəbər verdiyimiz kimi əməkdar artist, "Qaynana" filminin "Sevda"sı Tanilə Əhmərova ilə bu gün vida mərasimi keçirilib. Xalq artisti İlham Namiq Kamal Tanilə xanımla bağlı xatirələrini SİA ilə bölüşüb.

Xalq artisti bildirib ki, Tanilə xanım son nəfəsinə qədər Azərbaycan filmlərində rol almaq arzusunda olub: "Bəzi aktyor və aktrisalar var ki, onlar çəkildiyi ilk filmlərlə yaddaşlarda həkk olur. Tanilə xanım da çəkildiyi "Qaynana" filmindən sonra tamaşaçılar tərəfindən daha da tanındı və sevildi. Bir insan kimi isə çox səmimi, mehriban və mədəni xanım idi. Çox təəssüflənirəm ki, o cür insanı itirdik. Diqqətinizə çatdırmaq istəyərdim ki, Azərbaycan kino aktyorlarının həyatı faciədir. Çünki onlar müəyyən müddət filmlərdə rol alır. Daha sonra isə unudulurlar. Bu gün Azərbaycanda elə bir film də çəkilmir ki, sözünü demiş və deyən aktyorlarımız ifa etsin. Mənim üçün də maraqlı olardı ki, Tanilə xanımı yenidən filmlərə görək. Ancaq son 15 il olar ki, mən Tanilə xanımı yeni filmlərdə görmədim. Diqqətinizə çatdırmaq istərdim ki, Tanilə xanımın son vaxtlara qədər gücü və arzusu var idi ki, yeni rollar ifa etsin. Ancaq çox heyf. Biz nədənsə sənətkarlarımızı itirə-itirə gedirik və onlar dünyasını dəyişdikdən sonra dəyərlərini anlayırıq. İstərdim ki, Azərbaycanda yeni filmlər çəkilsin. İl ərzində bir deyil, 10-15 film çəkilsin. O zaman kino sahəsində işləyən sənətkarlar öz istedadlarının bariz nümunələrini görə bilərlər".

İlham Namiq Kamal mərhum aktrisa Tanilə xanımı sonuncu dəfə 7-8 il bundan əvvəl gördüyünü söyləyib: "Mən Tanilə xanımla 7-8 il bundan əvvəl Azərbaycan Dövlət Televiziyasında "Qaynana" filmi ilə əlaqədar görüş keçirilmişdi və orada görüşdük. Söhbət zamanı mənə deyirdi ki, "yenə də işləmək istəyirəm. Ancaq istədiyim kimi obrazlar hələ də yoxdur. Rejissorlardan gözəl obrazlar gözləyirəm". Heyf ki, rejissorlar onu görmədi".

Qeyd edək ki, Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust tarixində dünyasını dəyişib.

Allah rəhmət eləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə