Qax şəhərinin “Milli Mətbəx Paytaxtı” elan edilməsi ilə bağlı növbəti tədbir keçirilib FOTOLAR

Qax şəhərinin “Milli Mətbəx Paytaxtı” elan edilməsi ilə bağlı növbəti tədbir keçirilib FOTOLAR

Bu gün Qax şəhərinin "Milli Mətbəx Paytaxtı" elan edilməsi ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq növbəti tədbir keçirilib. SİA-nın məlumatına görə, rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə "Bəsləsən atlas olar tut yarpağından" başlığı altında Qum kəndində reallaşan ümumrayon festivalında tutdan hazırlanan mətbəx nümunələri nümayiş olunub. Festival əvvəlcə tutun sirkələnməsi (tökülməsi) mərasimi ilə başladı. Sonra əyani şəkildə tutdan hazırlanan mətbəx nümunələrinin bişirilmə qaydaları ilə iştirakçılar tanış oldular. Tədbirdə rayonun əksər kəndlərini əhatə etmiş, hər bir kəndin özünəməxsus tutdan hazırlanmış mətbəx nümunələri nümayiş olunub.

Festivalda iştirakçıların hazırladıqları nemətlərin çeşidinə, dadına görə müsabiqə təşkil edilmişdir. Mətbəx nümunələrinin dadı və çeşidi ilə fərqlənən kollektivlər Rayon Mədəniyyət və Turizm şöbəsinin diplomları və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Rayon Mədəniyyət Mərkəzinin "Çeşmə" instrumental ansamblının üzvləri, Qum kənd mədəniyyət evinin rəqs kollektivlərinin üzvləri mahnı və rəqsləri ilə festivala xoş ovqat bəxş ediblər.

Festivalda həmçinin rayonun sənətkarlarından Hekayət Xəlilovanın, Tural Manafovun əl işlərindən ibarət satış-sərgi və qədim məişət əşyalarından ibarət sərgi təşkil edilib.

Tədbirdə Qax rayon İcra Hakimiyyətinin başçısının müavini Vəfa Heydərova, qonaq qismində dəvət olunan digər idarə və təşkilatların nümayəndələri, qonşu rayonların Mədəniyyət və Turizm şöbələrinin nümayəndələri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə