Azərbaycanın Belarusdakı səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənninin xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində bu fənn üzrə təhsil alan tələbələrlə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə səfirə Azərbaycanın dövlət siyasəti olan multikulturalizm haqqında suallar verən tələbələr həmçinin Azərbaycan multikulturalizminin tarixi ənənələri ilə də maraqlanıblar.
Tələbələr səfirə səfirliyin fəaliyyəti ilə də bağlı suallar ünvanlayıblar.
Səfir İsfəndiyar Vahabzadə tələbələrin suallarını böyük həvəslə cavablandırıb və xidmət etdiyi illər boyu qazandığı təcrübə haqqında danışıb. İsfəndiyar Vahabzadə multikulturalizm və tolerantlığın Azərbaycanın dövlət siyasətində aparıcı xəttə çevrildiyini qeyd edib. Ümummilli lider Heydər Əliyevin multikulturalizmin siyasi və hüquqi banisi olduğunu vurğulayan səfir Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini söyləyib.
Görüşdə gələcək diplomatlara biliklərini genişləndirmələri üçün müvafiq ədəbiyyat siyahısı təqdim edilib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici universitetlərdə "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində Belarus Dövlət Universitetində 14 ölkədən 132 tələbə bu fənn üzrə yaz semestri boyunca təhsil alıb. "Azərbaycan multikulturalizmi" fənninin mühazirələrini Belarus, Azərbaycan, Rusiya, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Liviya, Mozambik, Nigeriya, Koreya Respublikası və Türkiyə vətəndaşları olan tələbələr dinləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB