Mədəniyyət və Turizm mərkəzi fəaliyyətə başladı FOTOLAR

Mədəniyyət və Turizm mərkəzi fəaliyyətə başladı FOTOLAR

İyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Media kəndində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış Mədəniyyət və Turizm mərkəzi fəaliyyətə başlayıb. SİA-nın verdiyi məlumata görə, Media kəndində yaradılmış Mədəniyyət və Turizm Mərkəzinin əsas məqsədi burada yerləşdiriləcək xarici KİV nümayəndələrinə Azərbaycanın turizm potensialını təbliğ etmək, paytaxt Bakı ilə yanaşı, bölgələrdə inkişaf etmiş turizm infrastrukturu haqqında məlumatlar verməkdir. Həmçinin burada, Azərbaycan incəsənətini təcəssüm etdirən xalq sənətkarlığı nümunələri, əl işləri, həmçinin Azərbaycan turizm və mədəniyyətinin təbliği məqsədilə müxtəlif dillərdə hazırlanmış reklam-çap məhsulları, buklet və broşurlar təqdim ediləcək.

Bu məqsədlə mərkəzin fəaliyyəti üçün ayrılmış ərazidə müvafiq stendlər, turizm təbliğatının əyani şəkildə aparılması üçün promo video-çarxların yayımlandığı monitorlar və bu kimi digər texniki avadanlıqlar quraşdırılıb. Mərkəzdə eləcə də "Bakı Şəhər turu" haqqında geniş məlumat xarici media nümayəndələrinə təqdim edilir.

Məlumat üçün bildiririk ki, Atletlər kəndində fəaliyyətə başlayacaq Mədəniyyət və Turizm mərkəzində əlavə olaraq sərgilər təşkil olunacaq və burada ölkəmizin müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri, o cümlədən xalça, geyim və məişət əşyalarının nümayişi həyata keçiriləcək.

Mərkəz həmçinin audio-bələdçi qulaqcıqları ilə təchiz edilmiş və 6 dildə təsvir olunan Azərbaycan Turizm portal - www.azerbaijan.travel saytı touch-screen vasitəsilə xarici ziyarətçilərin xidmətinə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə