Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altında öz işinə başlayan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bu gün II Nazirlər Görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, "Dəyirmi masa" formatında təşkil olunan tədbirdə "2015-ci ildən sonrakı dünyanın inkişaf proqramında mədəniyyət və davamlı inkişaf" mövzusunda müzakirələr aparılıb.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən tədbirdə üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tarixi əhəmiyyətindən söz açılıb.
Tədbirdə 50-yə yaxın ölkənin mədəniyyət nazirinin, nazir müavininin iştirak etdiyini bildirən Ə.Qarayev vurğulayıb ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır: "Biz insanların arasında inam yaratmalıyıq. Bu, birinci Forumda əksini tapmış konsepsiyadır".
Mədəniyyətlərarası dialoqun zəruri bir tələb olduğunu vurğulayan nazir Forumun sülhə əsaslanan dünyanın qurulması məqsədini güddüyünü bildirib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser belə mühüm Foruma yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib.
BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyət və yaradıcılıq, eləcə də mədəniyyətlərarası dialoqun, irsin saxlanılmasına yönəlmiş turizmin yaradılmasına çalışdığını vurğulayan qonaq üçüncü Forumda iştirakçıların sayının çox olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan cəlbedici mərkəzə çevrilib. Mən bu barədə Azərbaycana tamamilə güvənirəm. Çünki Azərbaycan mədəniyyətlərarası dialoqa çox uğurla ev sahibliyi edir.
Tədbirdə çıxış edən qonaqlar təmsil etdikləri ölkələr tərəfindən mədəniyyət və turizm sahəsində reallaşdırılan mühüm layihələrdən söz açıblar. Geniş fikir mübadiləsinin aparıldığı görüşdə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üçün strategiyanın hazırlanmasının vacibliyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB