Tarix Muzeyi I Avropa Oyunları zamanı iki növbədə fəaliyyət göstərəcək
"Milli Azərbaycan Tarix Muzeyi "Baku 2015" I Avropa Oyunları zamanı iki növbədə fəaliyyət göstərəcək". Bunu SİA-ya açıqlamasında muzeyin əməkdaşı Sahibə Ələkbərova məlumat verib.
Bildirib ki, Azərbaycana gələn qonaqlara 3 dildə Azərbaycan, rus və ingilis dillərində xidmət göstəriləcək: "Muzeyimiz iki növbədə qonaqların xidmətində olacaq. Birinci növbə səhər saat 09:00-da 15:00-a, ikinci növbə isə 15:00-dan 21:00-a qədər açıq olacaq. Həmçinin muzeydə kitabçalarla yanaşı, bəzi eksponatların surətləri çıxarılaraq satışa qoyulur. Düşünürəm ki, muzeyimizdəki dəyərli eksponatlar hər zaman olduğu kimi yenə də turistlər və şəhər sakinləri tərəfindən bəyəniləcək".
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir. Muzey 1920-ci il iyunun 15-də "Doğma diyarın tədris muzeyi" adı ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının məkdəbdənkənar işlər şöbəsində təzəcə təşkil olunmuş "Muzekskurs" yarımşöbəsinin nəzdində yaradılıb. Əsas bazasını Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ildönümü münasibətilə 1919-cu il dekabrın 7-də açılmış "İstiqlal" muzeyinin materialları təşkil edirdi. 1920-ci ilin iyulundan həmin muzeyin şərəfinə "Doğma diyarın tədris muzeyi – İstiqlal", 1920-ci ilin oktyabrından 1936-cı ilin martınadək Azərbaycan SSR Dövlət Muzeyi adlandırılmışdır. Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilmiş və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul edib.
Yarandığı ilk illərdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, mineralogiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyəti və komissiyanı özündə birləşdirdi. Sonrakı illərdə dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi.
1920-1941-ci illərdə H.Z.Tağıyev mülkündə və Şirvanşahlar Sarayında, əsasən, tarixi mövzularda sərgilər təşkil edən muzey müharibə və sonrakı illərdə elmi tədqiqat (xüsusilə arxeoloji) işlərinə daha çox üstünlük verdi. 1953-cü ildə Tağıyev mülkünün yenidən muzeyə qaytarılması və dövlətin muzey quruculuğu sahəsində gördüyü tədbirlər Tarix Muzeyində xalqın ta qədimdən bu günədək tarixini əks etdirən elmi ekspozisiyanın qurulması üçün şərait yaratdı.
Muzeyin zəngin kolleksiyası müxtəlif illərdə nəşr edilmiş buklet, kataloq, albom və məqalələrin əsasını təşkil edib. Muzey tərəfindən nəfis şəkildə nəşr edilmiş "Milli geyimlər", "Zərgərlik bəzəkləri", "Şərq silahları", "Mis məmulatı", "Xalçalar və xalça məmulatı", "Azərbaycan tikmələri", "Arxeoloji material", "Numizmatika", "Sualtı arxeologiya" adlı kitablar yüksək rəğbətlə qarşılanıb. 1966-cı ildə "Azərbaycanda aparılan arxeoloji qazıntılardan əldə edilmiş qızıl və gümüş əşyaların kataloqu" və 1972-ci ildə "Azərbaycanın qədim bəzəkləri" albomunun nəşri də tarixsevərlər arasında böyük marağa səbəb olub. 1970-1980-cı illərdə "Eksponatlar danışır" adı ilə ən yeni tariximizə dair orijinal və nadir eksponatların təsviri və onlar haqqında məlumat verən iki cildlik kitab çapdan çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB