Bu gün Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş "Dərs" bədii filminin təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, filmin təqdimatından öncə mətbuat konfransı keçirilib. Konfransda Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, filmin quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, filmdə baba rolunu oynayan naşir, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov film haqqında məlumat veriblər. Bildirilib ki, uzun illər fasilədən sonra uşaqlar üçün çəkilmiş film məktəb həyatını əks etdirir.
Filmdə bir sıra debütlərin edildiyi vurğulanaraq qeyd olunub ki, hər iki rejissorun bədii filmdə ilk debütüdür. Filmdə çox az professional aktyor rol alıb. Vurğulanıb ki, filmdə çəkilən 24 nəfər uşaq Bakının 200-dək məktəbindən 6, 7 və 8-ci sinif şagirdləri içərisindən seçilib.
Qeyd olunub ki, filmin çəkilişləri Bakıda, Şəkidə və Qaxda aparılıb. Çəkilişləri üç ayadək davam edən film bir ilə tamamlanıb.
Daha Sonra filmin təqdimat mərasimi olub. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məktəb yaşlı uşaqlardan bəhs edən bu filmin Azərbaycan kinosu tarixində yeni
bir hadisəyə çevriləcəyinə ümidvar olduğunu bildirib: "Bugünkü filmdə müasir Azərbaycan gənclərinin, yeniyetmələrinin formalaşması, onların daxili dünyası və tərbiyə edilməsi kimi məsələlərə toxunulur. Hesab edirəm ki, bu filmdə insan həyatının çox maraqlı mərhələsindən danışılır. Müxtəlif xarakterli uşaqlar öz daxili keyfiyyətləri ilə özünü təsdiq etmək, cəmiyyət arasında özünə yer tapmaq, liderlik xüsusiyyətlərini nümayiş etdirməyə çalışırlar".
Mərasimdə çıxış edən filmin rejissoru Rafiq Əliyev uşaqlarla işləməyin çətin, amma eyni zamanda maraqlı olduğunu diqqətə çatdırıb.
Daha sonra film nümayiş olunub.
Qeyd edək ki, filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa məktəblilər çəkiliblər. Ekran əsərində uşaqlardan əlavə, Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və başqaları da rol alıblar.
Məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, onların dünyagörüşünün formalaşmasından bəhs edən film dostluq mesajı verən mahnının sədaları altında fləşmobla bitir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB