Yasamal rayonunda “Gül Bayramı” keçirilir

Yasamal rayonunda “Gül Bayramı” keçirilir

Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Akim Abbasov küçəsi 25 ünvanında yeni salınmış istirahət parkında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil olunan "Gül bayramı" keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə rayonun bütün idarə və təşkilatları, ümumtəhsil məktəblərinin kollektivləri, uşaq tərbiyə müəssisələrinin nümayəndələrinin təbii güllərdən hazırlanmış əl işləri sərgilənir. Bayram tədbirində Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, rayon ziyalıları və ictimaiyyət nümayəndələri güldən hazırlanmış kompozisiya və əl işləri ilə tanış olublar. Heydər Əliyevin həyatının maraqlı məqamlarını əks etdirən kompozisiyalar da özünəməxsusluğu ilə seçilir. Rayon ərazisində fəaliyyət göstərən orta məktəblərdə, liseylərdə təhsil alan şagirdlərin əl işlərindən ibarət keçirilən sərgidə, eyni zamanda Azərbaycanın tarixi abidələrini, milli dəyərlərini, incəsənətini əks etdirən əl işləri də nümayiş olunub.

Nəzərinizə çatdıraq ki, Yasamal rayonunun bu il keçirdiyi "Gül Bayramı"nın əvvəlki illərdən fərqi odur ki, builki tədbir daha fərqli, yeniliklərlə keçirilir. Yeniliklərdən biri bayram tədbirinin yeni istirahət parkında keçirilməsidir. Bundan əlavə bu il məktəblilər ilk olaraq "Əbru sənəti" və ipək üzərində naxışları canlı olaraq nümayiş etdiriblər. Bayramın ən çox maraq doğuran ekspozisiyaları arasında "Heydər Əliyev Mərkəzi"nin maketi, I Avropa Oyunlarının "Bakı-2015" Loqosu, "Bakı Olimpiya stadionu", "TANAP" layihəsi, "Bakı Alov Qüllələri" hər kəsin gözünü oxşayacaq.

"Gül Bayramı"nda iştirak edən məktəblilər arasında Yasamal rayonunun müxtəlif ümumtəhsil müəssisələrinin respublika üzrə keçirilən yarışlarında qalib gələn şagirdlər və Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Yasamal rayonu üzrə nümayəndəliyinin fiziki qüsuru olan uşaqları da vardır.

Qeyd edək ki, tədbir musiqili-əyləncəli proqramla davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə