Bu gün Azərbaycan teatr və kino aktyoru, xalq artisti Məmməd Bürcəliyevin doğum günüdür. SİA-nın verdiyi məlumata görə, Məmməd Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olub.
Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədi ilə Karl Lipknixt adına fabrik-zavod məktəbinə daxil olub. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmiş və maraqlı obrazlar qaleriyası yaradıb. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışıb. 1967-1968-ci illərdə N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin "Teatr aktyoru və rejissoru" fakültəsini bitirib. 1948-ci ildə M.Bürcəliyev "Yadigar" adlı bir dram əsəri də qələmə alıb. Həmin il "Yadigar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. M.Bürcəliyevin "Yadigar" pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş "Müasir dramaturqların əsərlərinə baxış" festivalında 3-cü dərəcəli mükafata layiq görülüb. Həmçinin M.Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir.
Məmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qaleriyası yaradıb. "Od gəlini"ndə Altunbay, "Aydın"da Səlim, "Nəsrəddin şah"da Cavad xan, "1905-ci ildə"işdə Qubernator, "Almaz"da Şərif, "Səyavuş"da Kərşivaz, "Fərhad və Şirin"də Azər baba, "Otello"da Radriqo, "Vaqif"də İbrahim xan, "Üç qəpilik opera"da Bıcaq Mex, "III-Riçard"da Lord Xestinqs, "Odu atma, Prometey"də Kefest, "Dəli Kür"də Qoca, "Qacaq Nəbi"də Koxa Məmməd, "Qəribə dilənci"də Qeyza Qaliba və s. obrazları onun yaradıcılığının əsasını təşkil edir. Həmçinin bu teatrın səhnəsində M.Bürcəliyev 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş edib. Cəlil Məmmədquluzadənin "Ölülər", Teymur Məmmədovun "Ürək yanarsa", Altay Məmmədovun "Həmyerlilər" və "Bəraət", Tofiq Mahmudun "Onunçular", Sabit Rəhmanın "Əliqulu evlənir", Qərib Mehdiyevin "Oxşarlar", Şəfayət Mehdiyevin "Mirzə Fətəli", Rəsul Həmzətovun "Dağlı qizi", Yusif Əzimzadənin "Anacan", Abdulla Şaiqin "Tülkü həccə gedir" pyeslərinə quruluş verib.
M.Bürcəliyev Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaradıb. "Dəli Kür" filmində Allahyar, "Qəm pəncərəsi" filmində Rəşid bəy, "O dünyadan salam" filmində Hacı Baxşəli və s. obrazları aktyorun geniş yaradıcılıq imkanlarından, böyük potensial qüvvəsindən xəbər verir. 1944-1945-ci illərdə Məmməd Bürcəliyev Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaradıblar və həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru Məmməd Bürcəliyev olub. O, 1955-ci ildə respublikanın əməkdar artisti, 1958-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Respublikanın xalq artisti, qocaman teatr və kino aktyoru olan Məmməd Bürcəliyev haqqında bir çox qəzet və jurnallarda məqalələr, o cümlədən oçerklər dərc edilib. Həmçinin 1998-ci ildə "Günəş" nəşriyyatı tərəfindən teatrşünas-tənqidci Anar Bürcəliyevin "Əsl el adamı" monoqrafiyası çap edilib.
Qeyd edək ki, Məmməd Bürcəliyev 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat edib.









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB