Əməkdar incəsənət xadimi: "Bu əsər rejissorluqda ilk addımım olub" FOTOLAR

Əməkdar incəsənət xadimi: "Bu əsər rejissorluqda ilk addımım olub" FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrında yeni bir tamaşanın məşqlərinə start verilib. Tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əli Usubov SİA-ya açıqlamasında bildirib ki, məşhur bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" operettası nümayiş olunacaq: "Möhtəşəm musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən "Qafqazlı qardaşqızı" operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalcikin, Volqaqradın Musiqili Teatrlarında tamaşaya qoyulub. "Bu operetta mənim üçün çox dəyərlidir – 1969-cu ildə Leninqrad Konservatoriyasını bitirdikdən sonra Moskva Teatrında tamaşaya qoyduğum ilk operetta, rejissorluq sahəsində atdığım ilk addımdır. Rauf Hacıyevin bu möhtəşəm operettası milli musiqi mədəniyyətimizin də klassikasıdır. Əsərin parlaq komedik süjeti, sevgi toqquşmaları sözsüz ki, tamaşaçıları özünə cəlb edəcək. Mən Mədəniyyət və Turizm Nazirliyinə, şəxsən Əbülfəs Qarayevə tamaşanın hazırlanmasına dəstək olduğu üçün təşəkkür edirəm. Hesab edirəm ki, yarıməsrlik fasilədən sonra Rauf Hacıyevin ən yaxşı musiqili komediyalarından olan "Qafqazlı qardaşqızı"nın yenidən Bakı səhnəsinə qayıtması əvəzolunmaz Azərbaycan bəstəkarı Rauf Hacıyevin yaradıcılığını sevənlər üçün böyük hədiyyə olacaq".

Qeyd edək ki, tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmestrləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada əsas rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko və başqaları ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə