Vyanada Novruz bayramı münasibətilə konsert keçirilib FOTOLAR

Vyanada Novruz bayramı münasibətilə konsert keçirilib FOTOLAR

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Avstriyanın dövlət və hökumət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara baharın müjdəçisi olan Novruz bayramı haqqında məlumat verib. Bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus adət-ənənələrə malikdir. Elə bu səbəbdəndir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı artıq YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə isə BMT-nin Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.

Tədbirin bədii hissəsindən bəhs edən L.Qasımova müasir Azərbaycanın caz məkanında, eləcə də beynəlxalq səviyyədə tanınmış musiqiçi Şahin Növrəsli və onun musiqi qrupu barədə məlumat verib. Bildirib ki, hələ uşaq yaşlarından Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi peşəkar musiqi fəaliyyətinə başlayan Ş.Növrəsli dünyanın ən tanınmış səhnələrindəki çıxışları ilə Şərq və Qərb sivilizasiyalarının musiqi rəngarəngliyinin vəhdətini öz ifalarında mükəmməl səviyyədə təqdim edir.

L.Qasımova həmçinin bildirib ki, caz konsertinin tarixi də təsadüfi seçilməyib, çünki bir neçə gün əvvəl Azərbaycanda ölkəmizin caz sənətinin ən görkəmli nümayəndəsi Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olunub. Klassik cazla Azərbaycan milli musiqisi və muğamının uğurlu sintezinə nail olmuş Vaqif Mustafazadə məktəbinin ənənələri bu gün Şahin Növrəsli kimi peşəkar musiqiçilər tərəfindən qorunub saxlanılır və inkişaf etdirilir.

Daha sonra tanınmış Azərbaycan caz pianoçusu Şahin Növrəslinin rəhbərlik etdiyi caz qrupu bayram konserti ilə çıxış edib. Azərbaycan xalq və bəstəkar mahnılarının, eləcə də muğam melodiyalarının caz üslubunda improvizasiyaları tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Konsertdən sonra qonaqlara Azərbaycanın milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə