Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Günü münasibətilə "Zirvə" mükafatının növbəti təqdimolunma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatr xadimlərini bayram münasibətilə təbrik edib: "Əsası Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" pyesinin tamaşası ilə qoyulan milli teatrımızın 142 illik tarixi var. Bu gün teatrımız inkişaf edir və dünya teatr aləmində öz yerini tutub".
Əbülfəs Qarayev Prezident İlham Əliyevin apardığı siyasət sayəsində mədəniyyətimizin, o cümlədən teatr sənətinin inkişaf etdiyini söyləyib, mədəniyyətimizin qorunub saxlanılmasında, təbliğində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.
Sonra müxtəlif teatrların əməkdaşlarına "Fəxri mədəniyyət işçisi" döş nişanları təqdim edilib.
Daha sonra "Zirvə-2015" mükafatının təqdimatı olub. "Milli sərvət" nominasiyasında xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, "Musiqi" nominasiyasında xalq artisti Yalçın Adıgözəlov, "Teatr" nominasiyasında Şəki Dövlət Dram Teatrı, "Kino" nominasiyasında "Nabat" bədii filminin yaradıcı qrupu, "Təsviri sənət" nominasiyası üzrə Teymur və Mahmud Rüstəmov qardaşları, "Debüt" nominasiyasında əməkdar artist Şövqi Hüseynov, "Azərbaycan mədəniyyətinə dəyərli töhfə" nominasiyasında "YARAT" Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova mükafata layiq görülüblər.
Qaliblərə mükafatın rəmzi simvolu, diplom və pul təqdim edilib.
Qeyd edək ki, tədbir boyu Azərbaycan Dövlət Pantomim Teatrının aktyorlarının ifasında təqdim edilən musiqi nömrələri maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB