Londonda keçirilən kitab sərgisində MTN təmsil olunacaq

Londonda keçirilən kitab sərgisində MTN təmsil olunacaq

14-16 aprel tarixində Böyük Britaniyanın London şəhərində keçiriləcək Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi iştirak edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sərgidə ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına həsr olunmuş kitab və reklam çap məhsulları, ölkəmizin "Hədəf" və "Qələm" nəşriyyatının kitabları, həmçinin "Bakı-2015" Avropa Oyunları haqqında dolğun informasiyaların əks etdirildiyi broşür və bukletlər nümayiş etdiriləcək.

Dünyanın mühüm paytaxtlarından biri olan Londonda keçiriləcək kitab sərgisi nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının, Qarabağ həqiqətlərinin, cari ildə I Avropa Oyunlarının Bakıda keçirilməsinin və eyni zamanda IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, sərgidə 100-ə yaxın ölkə və 400-dən çox nəşriyyatın iştirak edəcəyi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə