“Kitabi-Dədə Qorqud” oğuz dastanında türklərin hərb sənəti”

“Kitabi-Dədə Qorqud” oğuz dastanında türklərin hərb sənəti”

"Ol" nəşriyyatında Yusif Ağayev və Səbuhi Əhmədovun birgə yazdıqları orta əsr oğuz xalqları yaradıcılığının görkəmli abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanı əsasında qələmə alınmış "Kitabi-Dədə Qorqud" oğuz dastanında türklərin hərb sənəti" kitabı rus dilində ("Voyennoye iskusstvo tyurkov v oquzskom epose "Kitabi-Dede Qorqud") çapdan çıxıb. SİA-nın verdiyi məlumata görə, 137 səhifədən ibarət kitabın elmi redaktoru AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.

İlk dəfədir ki, dastan orta əsr hərb sənətinin müxtəlif tərəflərini öyrənməyə imkan verən müstəqil mənbə kimi araşdırılır. Müəlliflər dastanda verilən hərbi-texniki, hərbi-taktiki və hərbi –hüquqi məqamlara aydınlıq gətiriblər.

Müəlliflər kitabda verilən silah və sursat adlarını, hərbi vəzifə və rütbələri, taktiki məqamların təhlilini verməklə bərabər onların sosial, ritual, siyasi köklərini göstərməyə də çalışıblar. Ənənəvi silahları etnik mədəniyyətin vacib komponenti kimi qəbul edən Y.Ağayev və S.Əhmədov kitabda Azərbaycanın orta əsr silahlarının xüsusiyyətlərini də göstəriblər.

Tədqiqat prosesində müəlliflər Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrindən başqa, digər türk xalqlarının qəhrəmanlıq dastanlarına da müraciət edib, müqayisəli təhlil aparıblar.

Qeyd edək ki, kitabda çoxsaylı arxeoloji, yazılı, təsviri və muzey materiallarını nümayiş etdirən illüstrasiyalar da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə