Məşvərət Forumu başa çatdı

Bu gün Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən 2014-cü il üçün Mədəni Marşrutlar üzrə Məşvərət Forumu panel sessiyaları ilə işini davam etdirib. SİA-nın verdiyi məlumata görə, Forum Avropa Şurasının mədəni marşrutlara, mədəniyyətlərarası dialoq və mədəni turizm mövzusuna həsr olunmuş ənənəvi illik toplantısıdır.

Forumun ikinci günü əvvəlcə mədəni marşrutlar üzrə nümayəndələrin qapalı görüşü olub.

Sonra "Avropa Şurasının mədəni marşrutları boyunca "müharibə və sülh" adlı seminar keçirilib. Avropa Məsuliyyətli Turizm və Qonaqpərvərlik Alyansının (EARTH) prezidenti Maurisio Davolionun moderator olduğu seminarda münaqişəli ərazilərdə mədəni turizm marşrutlarının yaradılması imkanları müzakirə edilib. Maurisio Davolio bildirib ki, müasir Avropada sərhədlər demək olar ki, formalaşıb. Lakin münaqişə və sülh arasında tarazlıq hələ də kövrəkdir və bu səbəbdən də bəzən adi bir mübahisə də böyük münaqişəyə səbəb olur: "Turizm müxtəlif ölkələri təmsil edən insanlar arasında münasibətləri formalaşdırır. İnsanlar səfərlər zamanı bir-birinin tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olurlar. Amma turist səfərləri ilə hər zaman sülhə nail olmaq mümkün deyil. Ona görə də münaqişə və sülh arasındakı tarazlıq insan hüquqları, mədəni müxtəliflik, demokratiya və təhsilin təbliğatı kimi mövzularda möhkəm kök salmalıdır".

Sessiya zamanı müxtəlif ölkələri təmsil edən nümayəndələrin "Konflikt və postkonflikt ərazilərdə mədəni marşrut çağırışları", "Hazırkı Avropada döyüş və müharibələrin rolunun yenidən qəbul edilməsi: Napoleon şəhərləri", "Termal şəhərlər - sülh şəhərlərindən müharibə şəhərlərinə doğru və əksinə" mövzusunda məruzələri, eləcə də Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadənin "Mədəni turizm mədəni irsin və mədəniyyətin təbliği vasitəsilə sülh və təhlükəsizliyi necə qura bilər" mövzusunda çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Forumun ikinci günü həmçinin "Turizm sosial birlik və dialoqun aparıcı qüvvəsi kimi", "Mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətləri kimi - keçmiş, indi və gələcək", "Sosial birlik iqtisadiyyatı - davamlı iqtisadi inkişaf naminə mədəni marşrutlar" mövzularında panel iclasları keçirilib, müzakirələr aparılıb.

Panel iclaslarından sonra foruma yekun vurulub. Tədbirin bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, bir çox regional və beynəlxalq turizm marşrutlarında iştirak edə bilsin. Nazir müavini bu baxımdan Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunu yüksək qiymətləndirib.

Sonda forumun Bakı Bəyannaməsi qəbul olunub. Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunu növbəti illik toplantısının 2015-ci ildə İspaniyanın Aranjuez şəhərində keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə