Xalq artistlərinin Özbəkistanda konserti olub

Xalq artistlərinin Özbəkistanda konserti olub

Azərbaycan və Özbəkistanın müstəqilliyinin 23-cü ildönümü münasibətilə SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəyli Özbəkistan Dövlət Konservatoriyasında geniş konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi məlumata görə, ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə reallaşan konserti Azərbaycanın Xalq Artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri müşayiət edib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev salona toplaşanları salamlayıb, ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişafından danışıb. Azərbaycanın incəsənət xadimlərinin tez-tez Daşkəndə dəvət olunduğunu söyləyən diplomat bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini deyib.

Özbəkistanın Xalq Artisti Zahir Xaknazarov çıxışında qeyd edib ki, onun ölkəsində Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti çox sevilir. O, bu cür tədbirlərin sırasına öz töhfəsini də qatacağını bildirib.

Sonra orkestr Fikrət Əmirovun "Azərbaycan kapriççiosu", Soltan Hacıbəyovun "Karvan" simfonik lövhəsi, Qara Qarayevin "Yeddi gözəl" baletindən süita ifa edib.

Tədbirdə Fərhad Bədəlbəyli Tofiq Quliyevin "Qaytağı"sını səsləndirib.

Konsert proqramının sonunda drijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüranı səsləndirib.

Bütün ifalar alqışlarla qarşılanıb.

Qeyd edək ki, tədbirdə Özbəkistanın dövlət nümayəndələri, mədəniyyət, incəsənət sahəsində tanınmış sənət adamları, Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri və diplomatları, KİV nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə