“O olmasın, bu olsun”

Dahi Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" operettası yazıldığı gündən bəri dünyanın bir çox teatrlarında, fərqli rejissorların təfsirində, fərqli aktyorların ifasında tamaşaya hazırlanıb və illər ötdükcə, zaman keçdikcə, nəsillər dəyişdikcə onun aktuallığı azalmayıb, musiqisi dəbdən düşməyib, hər zaman zirvədəki əbədi yerini qoruyub saxlamağa müvəffəq olub. SİA-nın verdiyi məlumata görə, Azərbaycanda Musiqili Teatrın inkişafında və formalaşmasında mühüm əhəmiyyət kəsb edən bu əsər 1911-ci il aprelin 25-dən bu günədək səhnədədir və ölməz bəstəkarın ecazkar musiqisi 21-ci yüzillikdə də tamaşaçıları yenə də öz sehrində, cazibəsində saxlamaqdadır.

Xalq Artisti Cənnət Səlimova ilk dəfə bu tamaşaya quruluş verəndə Məşədi İbad rolunu xalq artisti Hacıbaba Bağırov ifa edib, 2008-ci ildə tamaşa yenidən bərpa olunanda, bu obrazı Ramiz Məmmədov oynayıb. Bu dəfə isə Məşədinin üç namizədi var: əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev və Şövqü Hüseynov! Bundan başqa, operettanın daha bir əsas qəhrəmanını Gülnazı iki xanım ifaçı, əməkdar artist Səidə Şərifəliyeva və Gültac Əlili təqdim edəcəklər. Sənəm obrazının ifaçısı xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Nahidə Orucova, gənc aktrisa Gülnarə Abdullayeva, İitelligent Həsəni əməkdar artist Əkbər Əlizadə və Elxan İsmayılov, əməkdar artist Novruz Əliyev və Ziyadxan Cəbrayılov Məşədi Qəzənfəri, Möylə Mirzəliyev Rüstəmi, Əzizağa Əzizov Qoçu Əsgəri, Nadir Xasiyev, Səmədzadə Xasıyev Həsənqulu bəyi, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov Qəzetçi Rzanı, Hüseyn Əlili və Ağaxan Şərifov isə Hambalı oynayacaqlar.

Qeyd edək ki, Cənnət Səlimovanın yeni quruluşda "O olmasın, bu olsun"un premyerası oktyabr ayının 25-i saat 19-00 da Musiqili Teatrın səhnəsində göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə