Fuad Məmmədov: "Azərbaycanın mədəniyyət modeli universal bəşəri dəyərlərə çox yaxındır"
Bizim mürəkkəb əsrimizdə çox təəssüf ki, dəyərlərin aşınması prosesi baş verir. Bu baxımdan Azərbaycanın rus dünyasına və ya qərb dünyasına münasibətindən danışmalı olsaq Azərbaycan mədəniyyət modeli və azərbaycançılıq ideologiyası universal bəşəri dəyərlərə çox yaxındır, çünki əsrlər boyu Azərbaycanda müxtəlif xalqların, etnosların və millətlərin nümayəndələri yaşamışlar. Azərbaycançılıq ideologiyası tarixi gerçəkliyi bir növ əks etdirir. Bu mədəni məkanda dini baxımdan həm zərdüştilik, həm xristianlıq, həm də islam elementlərinə rast gəlmək olar.
Tanınmış kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov bu fikirləri "Dəyərlər ərazisi" layihəsi çərçivəsində təşkil edilmiş "Qlobal nihilizm şəraitində humanizm bir dəyər kimi" mövzusunda Bakı-Moskva-Halle (Almaniya) telekörpüsündə söyləyib.
Azərbaycanda kulturologiya elminin banisi sayılan F.Məmmədov qeyd edib ki, dəyərləri iki növə bölmək olar: dünyəvi və dini dəyərlər. Daha sonra o deyib: "Hər bir dində, istər islam, istər xristianlıq, iudaizm və ya buddizm olsun, üç əsas komponent var: inam, ayinlər və mənəviyyat. İnam bütün insanlara xasdır. İnsan qəlbinin tələbatından yaranan inam ümumbəşəri dəyərdir. Digər tərəfdən, inam insanın vicdanı deməkdir, insanın qəlbi isə əsl Tanrı məbədidir. Mənəviyyat məsələsinə gəldikdə, mənəviyyatlar əsasən identik olur, çünki onlar hamısı humanizm prinsiplərinə istiqamətlənir. Dünyəvi dəyərləri milli mədəni dəyərlərlə ümumbəşəri dəyərlərin harmoniyası hesab edərdim. Həyatın özü, ailə, uşaqların doğulması, maddi rifah, empatiya kimi dəyərlər ümumbəşəri dəyərlərdir. Mənim fikrimcə, bu gün biz birlikdə bütün bu dəyərləri – Azərbaycan, rus, alman, türk və başqa milli dəyərləri qoruyub saxlamağa imkan verən beynəlxalq proqramı birlikdə işləyib hazırlamalıyıq. Mən nicat formulu kimi Homo sapiens tipli insanın Homo culturalis tipli insana çevrilməsi formulunu təklif etmək istərdim. Bizim hamımızın mənsub olduğumuz Homo sapiens tipli insan çərçivəsində çoxsaylı mədəniyyət tipləri, o cümlədən cahillik, barbarlıq və feodalizm dövrünün mədəniyyətləri də mövcuddur. Eyni zamanda humanizm mədəniyyəti var. Biz məhz onu qoruyub saxlamalıyıq, çünki dünyanı yalnız mədəniyyət xilas edə bilər, lakin bunun üçün dünya mədəniyyəti müdafiə etməlidir".
Onu da qeyd etmək lazımdır ki, telekörpüdə Rusiya Federasiyasının paytaxtını M.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin dekan müavini, fəlsəfə elmləri namizədi Aleksey Kozırev, filologiya elmləri namizədi Pavel Fokin və A.Soljenitsın adına Xaricdə Rus Evinin elmi katibi, filologiya elmləri namizədi Mariya Vasilyeva, Halleni isə fəlsəfə elmləri namizədi Vladimir Yansen təmsil edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB