“Avropa İrs Günləri”nin açılış tədbiri keçiriləcək

“Avropa İrs Günləri”nin açılış tədbiri keçiriləcək

Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində oktyabrın 14-də "Avropa İrs Günləri"nin açılış tədbiri keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Avropa Şurasının və Avropa İttifaqının təşkilatçılığı ilə baş tutacaq tədbirdə sözügedən təşkilatlara üzv ölkələrin layihə üzrə məsul əlaqələndiricilərin, irsin qorunması və idarə edilməsi üzrə yerli və xarici ekspertlərin iştirakları nəzərdə tutulub. Oktyabrın 16-dək davam edəcək tədbirlər çərçivəsində Avropada layihənin cari il üçün yekun tədbiri, milli əlaqələndiricilərin illik toplantısı və treninqlər təşkil olunacaq.

Açılış tədbirində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviçin, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mardın, Avropa Komissiyasının "Yaradıcı Avropa proqramının" rəhbəri Monika Urian de Souza və "Avropa İrs Günləri" layihəsinin meneceri Madelena Qrosmanın çıxışları nəzərdə tutulub. Mərasim çərçivəsində layihə və onun ölkəmizdə qeyd olunmasına həsr olunan filmin nümayişi də planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə