“Mən səni sevirəm, mənə əzizsən doğma Özbəkistan”

Azərbaycanın Özbəkistandakı səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Özbəkistan müstəqilliyinin 23-cü ildönümünə həsr edilən "Mən səni sevirəm, mənə əzizsən, doğma Özbəkistan" adlı dostluq konserti keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Şavkat Şaripov, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər. Hüseyn Quliyev mərasim iştirakçılarını salamlayıb, ölkələrimiz arasında olan dostluq münasibətlərinin tarixindən danışıb, Səfir deyib ki, Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyev və İslam Kərimovun arasında olan dostluq münasibətləri əlaqələrimizin yüksək səviyyəyə qalxmasına təkan verib. Səfirin sözlərinə görə Azərbaycanla Özbəkistan arasında siyasi, ticarət-iqtisadi, mədəni və digər sahələrdə əlaqələr durmadan inkişaf edir. Şavkat Şaripov Özbəkistanın təhsil sahəsindəki uğurları haqqında məlumat verib, Dostluq Cəmiyyəti ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasındakı əməkdaşlıqdan və həyata keçirilən layihələrdən danışıb, birgə tədbirlərin keçirildiyini bildirib, gələcək planlar haqqında söhbət açıb.

Özbəkistanın Beynəlmiləl Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbəri Nəsrəddin Məhəmmədiyev deyib ki, özbək xalqı böyük Azərbaycan şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər şairləri çox sevir. Bu böyük şairlərin qəzəlləri üstündə oxunan muğamlara Özbəkistanda böyük maraq vardır. O bildirib ki, Azərbaycanda doğulub boya-başa çatmış Maqsud Şeyxzadə sonralar özbək ədəbiyyatının klassikinə çevrilib.

Sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri fərmanları səfir Hüseyn Quliyev tərəfindən Dostluq Cəmiyyətinin rəhbəri Şavkat Şaripova, Beynəlmiləl Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbəri Nəsrəddin Məhəmmədiyevə və Cəmiyyətin fəalları Erkin Nuriddinova, İsrail Şamsimuxammedov və Gülbahar Aşurovaya təqdim edildi. Mükafatlar iki ölkə arasında humanitar sahədə, mədəniyyət və təhsil sferasında əməkdaşlıq əlaqələrinin inkişafında, habelə dostluq əlaqələrinin dərinləşməsində göstərilən xidmətlərə görə verilib.

Tədbir bir çox beynəlxalq musiqi festivallarının qalibləri, məşhur "Özbəyim yoşları" ansamblının və Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə