Azərbaycan teatrı Şəkidə iki mühüm hadisəni eyni gündə qeyd edəcək

Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində sentyabrın 10-dan 19-dək Şəkidə birinci beynəlxalq teatr festivalı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 10-da Şəkidə Azərbaycan milli peşəkar teatrının 142-ci mövsümünün təntənəli açılış mərasimi də təşkil olunacaq.

Festivalı günlərində, həmçinin Şəkidə görkəmli gülüş ustası, xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin yubileyinin keçirilməsi və büstünün açılması planlaşdırılır.

Respublikanın 12 teatrının, on iki tamaşa ilə çıxış edəcəyi festival çərçivəsində Şəki Dövlət Dram Teatrının foyesində müxtəlif sərgilər də təşkil olunacaq.

Festivalda Rusiya Federasiyasının Kalmıkiya Respublikasının Milli Dram Teatrının və Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının kollektivləri iştirak edəcəklər. Tamaşalar Şəki Dövlət Dram Teatrında və Şəkidəki "Amfiteatr"da nümayiş olunacaq.

Qeyd edək ki, Şəki Beynəlxalq Teatr Festivalının iki ildən bir keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə