Polşada “Azərbaycan muğamı” adlı konsert təşkil olunub

Azərbaycanın Polşadakı səfirliyi və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Varşava şəhərində yerləşən Saska Kempa Mədəniyyət Mərkəzində "Azərbaycan muğamı" adlı konsert təşkil olunub. SİA-nın verdiyi məlumata görə, Azərbaycan diasporunun 150 nəfər təmsilçisi, Polşa Xarici İşlər Nazirliyinin əməkdaşları, Pruşkuv Rayon İcra Hakimiyyətinin başçısı və idarə heyətinin üzvləri, Nadajın qəsəbəsinin şura rəhbəri və Varşava ictimaiyyətinin üzvləri konsert proqramını izləyiblər.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov və Pruşkuv Rayon İcra Hakimiyyətinin başçısı Eljbieta Smolinskaya konsertdən əvvəl çıxış edərək ölkələrimiz arasında əlaqələrdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan və aparılan quruculuq işlərindən danışıblar.

Bakı şəhərinin Xəzər rayonunu təmsil edən incəsənət xadimləri konsertdə bir saat ərzində Azərbaycan muğamını ifa ediblər. Həmçinin milli rəqslərimiz iştirakçıların marağına səbəb olub. Konsert yallı rəqsi ilə yekunlaşıb.

Qeyd edək ki, sonda Polşa və Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...