Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov və Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdikləri nümayəndə heyəti Polşanın Pruşkuv rayonunda keçirilən şəhər bayramında iştirak edib. SİA-nın verdiyi məlumata görə, şəhər bayramı ilə əlaqədar açıq səma altında təşkil olunmuş konsertdə Polşanın bir sıra tanınmış ansamblları çıxış ediblər.

Konsertdə Bakı şəhərinin Xəzər rayonunu təmsil edən incəsənət nümayəndələri 40 dəqiqə ərzində Azərbaycan muğamını ifa edib və milli rəqslərimiz təqdim olunub. Onların ifaları iştirakçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Tədbirin keçirildiyi ərazidə ölkəmizin geniş kütləyə tanıdılması məqsədilə Azərbaycan çadırı qurulub. Bu çadırda Azərbaycan mətbəxinə aid dolma, qutab, paxlava, qoğal və ölkəmizdə istehsal olunmuş meyvə şirələri, mürəbbələr, narşərab və başqa məhsullar sərgilənib. Ölkəmizin tanıdılması məqsədilə səfirlik tərəfindən polyak dilində mədəniyyətimiz, eposlarımız, memarlığımız, tariximiz, mətbəximiz haqqında nəşr etdirilmiş 27 adda kitab və açıqcalar bayram iştirakçılarına paylanılıb.

Qeyd edək ki, Azərbaycan çadırı bayram iştirakçılarının böyük marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə