Qaxda konsert proqramı təşkil edilib FOTOLAR

Qaxda konsert proqramı təşkil edilib FOTOLAR

Ümummilli lider Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə İçəribazar Turizm Mədəniyyət Mərkəzində Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayonun mədəniyyət müəssisələrində fəaliyyət göstərən musiqi kollektivlərinin iştirakı ilə konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin xalqımızın taleyində böyük rol oynadığını qeyd edib.

O bildirib ki, Ulu Öndərin apardığı islahatlar nəticəsində Azərbaycan 1962-1982-ci illərdə hərtərəfli inkişaf etmiş, aqrar ölkədən, sənaye ölkəsinə çevrilib. Azərbaycan 15 respublika arasında bütün sahələrdə öncüllər sırasında olub. Məhz onun uzaqgörənliyi, qabiliyyəti, bacarığı, siyasi cəhətdən güclü savada və iradəyə malik olması nəticəsində respublikamız ittifaqda tanınıb. Müstəqilliyin ilk illərində Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışı isə Azərbaycanı parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. Ulu Öndər canından artıq sevdiyi xalqına firavan, xoşbəxt, dinamik inkişaf edən bir dövlət qoyub gedib.

Tədbirdə S.Vurğun adına rayon mədəniyyət evinin "Arzu" ansamblının üzvləri tərəfindən Azərbaycana, Ulu Öndərə həsr olunmuş mahnılar səslənib. Rayon Uşaq İncəsənət məktəbinin xanəndəlik sinfinin şagirdləri tərəfindən ifa olunan xalq musiqiləri və muğamlar tədbir iştirakçılarına xoş anlar yaşadıb.

Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı Qax rayonundakı azsaylı xalqların musiqi kollektivləri də konsertdə öz milli rəqsləri ilə çıxış ediblər. Əlibəyli kənd mədəniyyət evinin "Pesvebi", Qaxingilot kənd mədəniyyət evinin "İmedi" rəqs kollektivlərinin, Ağyazı kənd mədəniyyət evinin "Samur" folklor kollektivinin çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə