"Ümumi Mədəni İrs Şəhərləri" layihəsi üzrə ekspertlərin Qazaxıstan və Özbəkistan səfəri başa çatıb FOTOLAR

"Ümumi Mədəni İrs Şəhərləri" layihəsi üzrə ekspertlərin Qazaxıstan və Özbəkistan səfəri başa çatıb FOTOLAR

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Layihə Dövrünün İdarəedilməsi sistemi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizm sahəsi üzrə "Ümumi Mədəni İrs Şəhərləri" adlı layihəsinin ekspertləri (tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və turizm üzrə mütəxəssis Tərlan Quliyev) Qazaxıstan Respublikasının Esik, Tamğalı, Türküstan və Otrar şəhərlərində, Özbəkistan Respublikasının Səmərqənd, Şəhrisəbz, Termez, Buxara və Xivə şəhərlərində mədəni turizm potensialının araşdırılması məqsədilə səfərdə olublar. Layihəyə uyğun olaraq, ekspertlər Alma-Ata - Esik - Tamğalı -Türküstan - Otrar - Səmərqənd - Şəhrisəbz - Termez - Buxara - Xivə - Daşkənd istiqamətində hərəkət edərək Qazaxıstan və Özbəkistanın türk-islam mədəniyyətinin (Qayaüstü təsvirlər, Göytürklər, Ərəb xilafəti, Samanilər, Qaraxanlılar, Səlcuqilər, Xarəzmşahlar, Monqollar, Teymurilər, Şeybanilər, Əfşarlar, Kokand, Buxara və Xivə xanlıqlarına məxsus) izlərini daşıyan 9 şəhərində 150-yə qədər tarixi abidə, bu bölgələrin islam mədəniyyəti və tarixi irsi ilə yerində tanış olublar. Türkiyə və Azərbaycanda olduğu kimi, bu şəhərlərdə xüsusilə qala-şəhər hissələrində arxeoloji tədqiqatların davam etdiyini və önəmli tapıntıların olduğunu nəzərə alan ekspertlər araşdırma və təhlillərlə yanaşı, arxeoloji abidələr və onların turizm baxımından əhəmiyyəti ilə bağlı sorğular da keçiriblər. Səfər zamanı fotolar çəkilmiş, geniş fotobank yaradılıb. Müvafiq dövlət qurumları, həmçinin Azərbaycanın həmin ölkələrdəki rəsmi nümayəndəlikləri ekspert qrupuna yaxından kömək etmiş, onların müvafiq nəşrlər və məlumatlarla təmin edilməsinə köməklik göstəriblər.

Səfərin yekunu olaraq, ekspertlər tərəfindən daha əvvəl toplanmış və səfər zamanı əldə olunmuş araşdırma materialları birləşdirilərək Türk-İslam dünyasının arxeoloji-mədəni turizm potensialına dair hesabat hazırlanacaq.

Qeyd edək ki, sözü gedən Layihə İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Layihə Dövrünün İdarəedilməsi sistemi çərçivəsində Komitənin maliyyə dəstəyi ilə həyata keçirilir və COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə