Ağahüseyn Cavadovun 120 illik yubileyi qeyd edilib

Ağahüseyn Cavadovun 120 illik yubileyi qeyd edilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, teatrın foyesində təşkil edilmiş gecənin rejissoru və ssenari müəllifi Loğman Kərimov olub.

Tədbirdə çıxış edən Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Əlizadə A.Cavadovun həyat və yaradıcılığından danışmış, onun oynadığı rolların xarakterik xüsusiyyətlərini qeyd edib.

Alim vurğulanıb ki, Ağahüseyn Cavadovu o dövrdə yaşamış aktyorların heç biri ilə müqayisə etmək olmaz. Çünki A.Cavadovun epizodik rolları da yaddan çıxmır.

Bildirilib ki, A.Cavadov 1894-cü ildə Bakıda anadan olub. 1919-cu ildə sənətə gəldiyi ilk gündən hansı teatrda çalışmasından asılı olmayaraq işinə məsuliyyətlə yanaşıb. Sənətə, aktyor peşəsinə olan məhəbbəti A.Cavadovun kino fəaliyyətində öz əksini tapıb.

Tədbirdə xalq artisti Rafiq Əzimov A.Cavadovla bağlı xatirələrini bölüşüb.

Gecədə görkəmli aktyorun çəkildiyi "Bəxtiyar", "Sehrli xalat", "Bir qalanın sirri", "Əhməd haradadır", "Qızmar günəş altında" filmlərindən fraqmentlər nümayiş olunub.

Qeyd edək ki, tədbir musiqili proqramla davam edirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə