Tovuz Rayon Mədəniyyət Evində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin (AAB) və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ustad aşıq Mikayıl Azaflının 90 illik yubileyi qeyd olunub. SİA-nın məlumatına görə, gənc aşıqların çıxışı ilə başlanan tədbirdə aşıq Mikayıl Azaflının yaradıcılığından söhbət açılıb.
Bildirilib ki, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Mikayıl Cabbar oğlu Zeynalov 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində doğulub.
Çıxışlarda aşığın çoxşaxəli yaradıcılığı, ifaçılıq məharəti xüsusilə vurğulanıb. Diqqətə çatdırılıb ki, Aşıq Mikayıl Azaflının "Azaflı dübeyti", "Azaflı gözəlləməsi", "Azaflı sənəti", "Azaflı dünyası", "Azaflı gəraylısı", "Azaflı himni", "Mikayılı", "Azaflı dağları", "Azaflı bəhri", "Məzahiri", "Azaflı müxəmməsi", "Şah sarayı" adlı saz havaları dillər əzbəri olub. Ötən əsrin 80-ci illərinin sonunda ustad aşıq Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüş, haqqında televiziya verilişi hazırlanmış, sənətkarın "Qoca qartal" adlı kitabı nəşr edilib.
Qeyd edək ki, tədbirdə aşıq Gülarə Azaflı və Hakim Azaflı, Solmaz Kosayeva, "Çeşmə" qrupunun üzvlərindən Günel Qurbanova və Əfsanə Kərimova və başqalarının ifasında görkəmli el sənətkarının sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB