Bu gün Azərbaycan Dillər Universitetində "15 may-Beynəlxalq Ailə günü"nə həsr olunmuş "Şəxsi gigiyena və sağlamlıq" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Tədbirin gələcək ailənin təməli olan gənc oğlan və qızların sağlamlıqlarının açarı olan şəxsi gigiyena qaydalarına düzgün riayət etmək istiqamətində maarifləndirmə məqsədi daşıyıb.
Tədbirdə Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma şöbəsinin müdiri Ofelya Hüseynova, kafedranın baş müəllimləri Nahidə Məmmədova, Rəna Əhmədova, Leyla Seyidbəyova, Səfurə Mirsalamova, Mətanət Əsgərova və tələbələr iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Sevda Zamanova kafedranın hər tədris ilindən bir sıra aktual mövzularla bağlı silsilə tədbirlər keçirdiyini bildirib. O, tədbirin gündəlik həyatımızın ayrılmaz hissəsi olan "Şəxsi gigiyena və sağlamlıq" mövzusuna həsr olunduğunu iştirakçıların nəzərinə çatdırıb. "Beynəlxalq Ailə günü" haqqında danışan kafedranın müdiri, dosent Sevda Zamanova diqqətə çatdırıb ki, BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qərarı ilə 1994-cü ildən etibarən 15 may "Beynəlxalq Ailə günü" kimi qeyd olunur.
Qonaq qismində iştirak edən Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma şöbəsinin müdiri Ofelya Hüseynova qidalanma gigiyenası, yeyinti istehsalat, ictimai-iaşə müəssisələrindəki qidalar, yeyinti ticarəti məhsulları haqqında danışıb. Botulizm xəstəliyi barədə geniş məlumat verən O. Hüseynova, eyni zamanda qida zəhərlənmələri hallarından danışdı və bu hallarla üzləşməmək üçün hansı növ məhsullardan istifadə etməklə bağlı məsləhətlər verib.
Tədbirdə kafedranın baş müəllimi Nahidə Məmmədova "Dərinin gigiyenası", baş müəllim Rəna Əhmədova isə "Uşaq və yeniyetmələrin gigiyenası" haqqında ətraflı məlumat verib.
Filologiya və Jurnalistika fakültəsinin tələbələri Quliyeva Piruzə "Uşaq və yeniyetmələrdə olan depressiya", Səbinə Yusifova "Məktəb gigiyenasında dərslərin quruluşu", İlahə Məhərrəmovanın "Məktəbdə istirahətin səmərəli təşkili" mövzuları ətrafında hazırladıqları çıxışları dinlənilib.
Qeyd edək ki, tədbir sual-cavabla yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB