Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Bu gün Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş sərgi açılıb. SİA-nın məlumatına görə, sərgidə mədəniyyət və turizm nazirinin birinci müavinləri Vaqif Əliyev, Ədalət Vəliyev, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov, Naxçıvan Muxtar Respublikasının nümayəndəsi Bəxtiyar Əsədov, dövlət nümayəndələri, media işçiləri və başqaları iştirak ediblər.

Yubiley tədbirini mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq Naxçıvan Muxtar Respublikasının inkişafı haqda geniş məlumat verib: "Bu sərgi Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən reallaşdırılıb. Bu cür tədbirlər paytaxtla yanaşı digər şəhərlərimizdə də təmtəraqlı şəkildə qeyd olunur. Çünki Naxçıvan Muxtar Respublikası Azərbaycan tarixində əhəmiyyəti çox böyükdür. Əslində Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, çətinliklərlə üzləşmiş və buna baxmayaraq şərəfli yol keçib. Naxçıvanın muxtariyyət tarixi zərurətdir. Hazırda olduğumuz sərgi çox maraqlıdır və burada nadir eksponatlar nümayiş olunur. Naxçıvanın zəngin mədəniyyəti, tarixi mövcudur. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz hissəsidir. Bura Azərbaycan Respublikasının Prezidenti üçün də çox əhəmiyyətlidir. Digər bölgələrə olduğu kimi Naxçıvana da prezidentimiz tərəfindən hər zaman diqqət və qayğı göstərilir".

Daha sonra Naxçıvan Muxtar Respublikasının nümayəndəsi Bəxtiyar Əsgərov çıxış edərək bu cür tədbirlərin bir neçəsini geridə qoyduğunu diqqətə çatdırıb: "Bildiyiniz kimi bu sərəncam imzalandığı gündən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Diaspora komitəsi və digərlərinə həvalə edilmişdi ki, bu məsələ həll olunsun. Onu da xüsusilə diqqətinizə çatdırım ki, belə tədbirlər arasında Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirlər öz ağırlığı və çəkisi ilə fərqlənir".

Qeyd edək ki, sərginin sonunda Azərbaycanın bu qədim diyarının tarixindən, görkəmli şəxsiyyətlərindən, maddi-mədəniyyət abidələrindən, ədəbi mühitindən, iqtisadiyyatından bəhs edən kitabları nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə