Azərbaycanlı şagirdlər Türkiyənin bir sıra şəhərlərində konsert proqramları ilə çıxış ediblər
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin kollektivi 2014-cü il 16-23 mart tarixlərində Türkiyənin İstanbul, İzmir, Manisa və Bursa şəhərlərində keçirilmiş Novruz şənliklərində iştirak ediblər. SİA-nın məlumatına görə, İST-TAD İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə cari ilin 16 mart tarixində İstanbul şəhərində, İzmirdəki Azərbaycan Mədəniyyət Mərkəzi Dərnəyinin təşkilatçılığı ilə 20 mart tarixində İzmir Universitetində keçirilmiş tədbirlərdə məktəbin müəllim və şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblı Azərbaycan bəstəkarlarının əsərlərini və xalq mahnılarını təqdim ediblər. Ansamblın, habelə məktəbin aşağı sinif şagirdlərindən ibarət rəqs qrupunun çıxışları böyük maraqla qarşılanıb.
Qeyd etmək lazımdır ki, Türkiyə Respublikasının ölkəmizdəki Səfirliyinin müraciətini və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığını nəzərə alaraq 2012-ci ildə Türkiyənin Manisa Gözəl Sənətlər və İdman Liseyi ilə Xırdalan şəhər Uşaq Musiqi Məktəbi arasında əməkdaşlıq əlaqələri yaradılıb. "Qardaş məktəblər" layihəsi çərçivəsində 2013-cü ilin may ayında Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri Türkiyənin Manisa şəhərində səfərdə olmuş və liseyin ilsonu konsertində çıxış ediblər. Bu dostluq əlaqələrinin davamı olaraq cari ilin 21 mart tarixində Manisada Novruz bayramına həsr olunmuş tədbirdə və ənənəvi Mesir məcunu festivalında hər iki tədris müəssisəsinin kollektivləri birgə konsert proqramı ilə çıxış ediblər. Abşeron rayonu ilə Türkiyənin Bursa şəhəri arasında 2008-ci ildən dostluq və qardaşlıq əlaqələri mövcuddur. "Qardaş şəhərlər" layihəsi çərçivəsində 2014-cü il 22 mart tarixində Bursa şəhərində keçirilmiş tədbirdə də Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin kollektivi müvəffəqiyyətlə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB