“Kitabi-Dədə Qorqud” dastanının latış dilində nəşri təqdim olunub

“Kitabi-Dədə Qorqud” dastanının latış dilində nəşri təqdim olunub

Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə latış dilində çap olunmuş "Kitabi-Dədə Qorqud"un təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Latviyanın keçmiş prezidenti Valdis Zatlers, digər qonaqlar iştirak edib.

Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq nəşrin ərsəyə gəlməsi haqqında danışıb: "Kitabi-Dədə Qorqud" dastanının latış dilində çap olunması ideyası Xalq yazıçısı Elçin tərəfindən irəli sürülüb və nazirlik bu ideyanı dəstəkləyib".

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qonaqları salamlayaraq Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un latış dilinə tərcümə olunaraq nəşr edilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb: "Bu dastan özündə təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadır. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır. Dastanda soykökümüz olan oğuzların dünyagörüşü, həyat tərzi, adət və ənənələri, mənəvi dəyərləri bədii şəkildə öz əksini tapıb".

Nazir müavini "Dədə Qorqud" eposunun əlyazmalarının Almaniyanın Drezden muzeyində və Vatikan muzeyində saxlanıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, müasir dövrdə "Kitabi-Dədə Qorqud"un öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1975-ci ildə ulu öndərin tapşırığına əsasən, Azərbaycanda tanınmış sənət xadimlərinin iştirakı ilə "Dədə Qorqud" bədii filmi çəkilib. 2000-ci ildə ümummilli liderin fərmanı ilə dastanın 1300 illiyi türkdilli ölkə rəhbərlərinin iştirakı ilə dövlət səviyyəsində, həmçinin UNESCO-nun görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı çərçivəsində təntənəli şəkildə qeyd olunub: "Bu nadir eposun qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü ildə Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında iştirak edib. Dövlətimizin başçısının sərəncamına əsasən 2013-cü ildə Bakıda Dədə Qorqud parkı salınmış və Dədə Qorqudun abidəsi ucaldılıb".

Tədbirdə çıxış edən Latviya Respublikasının sabiq prezidenti Valdis Zatlers, Latviyanın ölkəmizdəki səfiri Hardiys Baumanis, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli dastanın xarici dillərə tərcüməsinin ölkələr və xalqlar arasında körpü olduğunu, iki ölkənin mədəniyyətinin və tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar.

Dastanın latış dilinə tərcüməçisi, tanınmış türkoloq, şair Uldis Berzinş çıxış edərək kitabın ərsəyə gəlməsində köməyi olanlara təşəkkürünü bildirib. O, diqqətə çatdırıb ki, ötən əsrin 70-ci illərindən türk ədəbiyyatının tərcüməsi ilə məşğuldur, bir çox Azərbaycan yazıçıların əsərlərini latış dilinə tərcümə edib.

Qeyd edək ki, tədbirin sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov "Kitab-Dədə Qorqud" ensiklopediyasını tərcüməçi Uldis Berzinşə hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə