“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə kurs təşkil olunacaq
"YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə iyunun 1-dən 30-dək həftədə 3 dəfə olmaqla Teymur Daiminin rəhbərliyi altında kurs təşkil olunacaq. SİA-nın məlumatına görə, Teymur Daimi həm multimedia rəssamı, film yaradıcısı, filosof alim, incəsənət və kino tənqidçisi, incəsənət üzrə məsləhətçi, müəllim, həm də publisist və şairdir.
Onun peşəkar maraq dairəsi təsviri incəsənət, kinematoqrafiya, eksperimental kino, qavrayış nəzəriyyəsi, incəsənət barədə yazı, pedaqoji təcrübə, neyropsixologiya, tətbiqi psixologiya, antropoloji təcrübələri özündə birləşdirən müxtəlif sahəli fəaliyyəti əhatə edir.
Kursun məqsədi tələbələrə müxtəlif analitik texnikaları təqdim etmək, onların yazı qabiliyyətlərini dəyişmək və nəticədə onları müasir incəsənət və mədəniyyət istiqamətində tənqidi və analitik mətnlə peşəkar işləmək üçün hazırlamaqdır.
Kurs nəzəri və praktik hissədən ibarət olacaq. Nəzəri hissə tələbələri incəsənət tarixi, xüsusilə müasir incəsənət tarixi ilə tanış edəcək, onlara yaradıcı yazının və tənqidi analizin əsaslarının tətbiqini öyrənməkdə kömək edəcək.
Praktik hissə tələbələrə onların öz yazıları üzərində daim işləmək üsulunu aşılayacaq. Kursun sonuna yaxın hər tələbə müstəqil şəkildə analitik mətn yazmağı bacarmalıdır. Tələbələr kurs çərçivəsində muzey, qalereya, rəssam studiyaları və incəsənətlə bağlı digər məkanları ziyarət edəcəklər.
Kursun hədəf qrupu sözün sehri, incəsənət və mədəniyyətin fəlsəfəsinə dərin marağı olan və mədəniyyət analitiki, incəsənət publisisti peşəsinə sahib olmağı arzulayan və yaxud özünün intellektual fəaliyyətini daha məhsuldar etmək istəyən humanitar sahənin tələbələri və ya gənc peşəkarlardır. Yaxşı yazı qabiliyyəti vacib şərtdir.
İyun ayında 4 həftə ərzində keçiriləcək kursda hər dərsin müddəti 3-5 saatdır (dəyişə bilər).
İlk 3 həftə nəzəri-praktiki hissəyə, sonuncu həftə isə tam müstəqil fəaliyyətə həsr ediləcək. Tələbələr kursun rəhbəri ilə gündəlik ünsiyyətdə olaraq başlıca analitik mətnləri yazmaq üzrə istiqamətləndiriləcəklər. Sonda tələbələrin müəllifi olduqları müasir incəsənətə həsr edilən işlərin məqalə toplusu və yaxud elektron mediada nəşri, o cümlədən tələbələrin ən yaxşı və uğurlu yazılarının ən nüfuzlu jurnallarda dərc edilməsi təklif olunacaq.
Qeydiyyat mayın 5-dən 20-dək davam edəcəkdir. Qeydiyyat formasını doldurmaqla iştirak istəyi barədə əz azı 200 sözdən ibarət məktubu [email protected] ; [email protected] ünvanlarına göndərmək lazımdır.
Yalnız seçilmiş namizədlərə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB