Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi

Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi

Respublikada musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2014-cü ilin aprel - may aylarında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsini keçirir. SİA-nın məlumatına görə, müsabiqə 2 turdan ibarət olaraq, 6 ixtisas (tar, kamança, qanun, qarmon, saz, balaban) üzrə respublikanın bölgələrində Bakı, Mingəçevir, Goranboy, Şəki, Xaçmaz, Ağcabədi, Şirvan şəhərlərində keçirilir. Müsabiqəyə 600-dan çox şagird sənəd verib. Müsabiqənin I turu aprel ayının 14-dən Mingəçevir şəhərində start verilib. Müsabiqə iştirakçılarının çıxışlarını Respublikanın xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyevin sədrliyi ilə münsiflər heyəti qiymətləndirir. I turda müvəffəqiyyətlə iştirak edən şagirdlər növbəti tura buraxılacaq. II tur may ayının 14-dən Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbində keçiriləcək. Münsiflər heyətinin qərarına əsasən müsabiqədə yüksək səviyyədə və uğurla çıxış edən qaliblərə təsis olunmuş diplom, fəxri fərman və tərifnamələr veriləcək. Müsabiqənin yekun konserti may ayında M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. "Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi" Şəki şəhərində davam edir. Şəki şəhərində Qəbələ, İsmayıllı, Oğuz, Qax, Balakən, Zaqatala uşaq musiqi, incəsənət məktəbləri də iştirak edir. Bu turda 60 yaxın iştirakçı 6 ixtisas üzrə (tar, kamança, qarmon, saz, balaban, qanun alətləri) öz bacarıqlarını nümayiş etdirirlər.

Müsabiqə iştirakçılarının çıxışlarını Respublikanın xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyevin sədrliyi ilə münsiflər heyəti qiymətləndirir. Şəki Musiqi Kollecində müsabiqə çərçivəsində tar, kamança, qanun, qarmon, saz ixtisasları üzrə ustad dərsləri keçirilir, metodiki tövsiyyələr verilir. Dərslərdə Şəki, Qəbələ, İsmayıllı, Oğuz, Qax, Balakən, Zaqatala uşaq musiqi və incəsənət məktəblərindən 70-ə yaxın müəllim şagird kollektivi iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə