Azərbaycanda III “Univiziya” mahnı müsabiqəsinin mətbuat konfransı keçirilib

Azərbaycanda III “Univiziya” mahnı müsabiqəsinin mətbuat konfransı keçirilib

Bu gün "Park İnn" otelində Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə Azərbaycanda III "Univiziya" mahnı müsabiqəsinin mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər və İdman Nazirliyinin tələbə və tələbə təşkilatları ilə iş sektorunun baş məsləhətçisi Elnur Abdullayev, əməkdar artist Tünzalə Ağayeva, modelyer Gülnarə Xəlilova, layihənin rejissoru Yalçın Süleymanov, layihənin ideya müəllifi Natəvan Quliyeva, tələbələr, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov açaraq bu il 22 təhsil müəsisəsinin qatıldığını diqqətə çatdırıb: "Burada 22 ali və orta ixtisas təhsil müəsisəsində təhsil alan tələbələr iştirak edir. Müsabiəqədə vəsiqə qazananlar final mərhələsi uğrunda mübarizə aparacaqlar".

Nəzərinizə çatdıraq ki, gənc ifaçıların qatıldığı müsabiqənin yarımfinal mərhələsi 15 aprel, finalı isə 21 aprel Heydər Əliyev Sarayında baş tutacaq. III "Univision" mahnı müsabiqəsinin qalibi mayda ölkəmizdə keçiriləcək II Beynəlxalq "Univision" Tələbə Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, tədbirin sonunda püşkatma mərasimi baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə