Londonda “Bakı prosesi”nin 5 illik yubileyi keçirilib FOTOLAR

Londonda “Bakı prosesi”nin 5 illik yubileyi keçirilib FOTOLAR

Londonda "Bakı prosesi"nin 5 illik yubiley mərasimi və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının, Ərəb Liqası və Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin yüksək vəzifəli şəxsləri, həmçinin Böyük Britaniya parlamentinin üzvləri, bu ölkənin nüfuzlu siyasətçiləri və elm xadimləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamadığını diqqətə çatdırıb: "Bu, ilk növbədə, ölkəmizin geosiyasi əhəmiyyəti ilə bağlıdır. Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, eyni zamanda, həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə dostluq və əməkdaşlıq münasibətləri vardır. Bütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir. Bu səbəbdən müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəniyyətin zənginliyi "Bakı prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir".

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Bakı prosesi"nin mahiyyəti və tarixi haqqında ətraflı məlumat verib: "Bakı prosesi" 2008-ci ilin dekabrında paytaxtımızda keçirilən Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin konfransında irəli sürülüb. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin iştirak etməsi ilə yeni bir formatın əsası qoyulub. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi" qəbul edilmiş, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyulub".

Nəzərinizə çatdıraq ki, konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər və verdiyi tövsiyələr "Bakı prosesi"nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olub.
Ə.Qarayev bildirib ki, "Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunub. Konfransda Avropa Şurasına üz dövlətlərlə İslam Konfransı Təşkilatına üzü dövlətlərin iştirakı ilə "Mədəniyyətlərarası dialoq" mövzusunda "dəyirmi masa" keçirilmiş və birgə kommünike qəbul edilib. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlamış və BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edilib.
Prezident İlham Əliyevin himayəsi ilə Bakıda keçirilmiş birinci və ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları haqqında məlumat verən Ə.Qarayev bildirmişdir ki, bu möhtəşəm tədbirlər UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə reallaşıb.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Forum hər iki ildən bir Azərbaycanda keçirilir, 2015-ci ildə planlaşdırılan Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ciddi layihə və proqramlarla hazırlıq gedir.
Daha sonra BMT-nin Sivilizasiyalar Alyansının strateji məsələlər üzrə müşaviri Jan Kristof Bas, UNESCO-nun sülh və qeyri-zorakılıq mədəniyyəti üzrə sektorlararası platformasının rəhbəri xanım Katerina Stenou, Dünya Turizm Təşkilatının Orta Şərq üzrə regional direktoru Əmr Abdel-Qaffar, İngiltərənin ən böyük İslam Mədəniyyət Mərkəzinin (İMM) baş katibi Əhməd Dubayan və başqalarının iştirakı ilə mövzuya dair müzakirələr aparılıb.
Tədbirdə ölkəmiz haqqında film nümayiş etdirilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi və UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə 2011 və 2013-cü illərdə Bakıda keçirilmiş birinci və ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları və növbəti Üçüncü Dünya Forumunun prioritetləri təqdim edilib. Həmçinin tədbir çərçivəsində Azərbaycanın mədəniyyətini, adət-ənənələrini və turizm imkanlarını təbliğ edən bröşurlar paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə